Qubada beynəlxalq futbol turnirinin açılış mərasimi keçirildi
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi baş tutub.
Msport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində reallaşan tədbir iştirakçı komandaların stadiona dəvət edilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov belə bir yarışın təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. Qubanın bu il idman paytaxtı elan olunduğunu xatırladan İ.Mahmudov bölgədə ilk dəfə beynəlxalq futbol turnirinin təşkil olunduğunu xüsusi vurğulayıb. Bu il “İdmanın ürəyi Qubada döyünür” – şüarı altında bir çox tədbirin keçirildiyini deyən icra başçısı iştirakçı komandalara uğurlar arzulayıb. O, turnirdə yarışan uşaqların bir neçə ildən sonra dünyanın yaşıl meydanlarında mübarizə aparacağına inamını ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov da “Ulduz Cup” beynəlxalq turnirinin önəminə toxunaraq, bu yarışın ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildirib. O, “Ulduz” Futbol Akademiyasının qısa zamanda ciddi işlərə imza atdığını vurğulayıb. Komandalara uğurlar arzulayan nazir yarışı açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.