featured-image-22313

Futbol agenti Erkin İbrahimovun Msport.az saytına müsahibəsi

– “Qarabağ” Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçı transfer edə bilmədi? Sizcə, bunun başlıca səbəbi nədir: vaxt azlığı, yoxsa maliyyə?
– Məncə, bunun başlıca səbəbi odur ki, “Qarabağ” transfer xatirinə oyunçu almaq istəmir. Bilirəm ki, danışdıqları bəzi qolkiperlər var idi. Həmin oyunçular mənə də çıxmışdılar ki, “Qarabağ”dan təklif gəlib. Amma görürdüm ki, o səviyyə deyil. Açığı, təəccüblənirdim. Bəlkə də kimsə klubun adından danışırdı. Burada vaxt azlığı da rol oynadı. Qış fasiləsində qapıçı transfer etmək asan deyil. Məsələn, Yassin Benzyanın transferi ötən yaydan hazırlanırdı. Şahruddinin zədələnməsi fors-major hal oldu. Kimi gəldi götürmək istəmədikləri üçün qapıçı transferi alınmadı.

Qapıçı transferinin alınmaması komandaya “Gent”lə oyunlarda necə təsir edəcək?
– Məncə, təsiri olacaq. Əbəs yerə demirlər ki, qapıçı komandanın yarısıdır. Toplum olaraq, hər zaman nədənsə narazıyıq. Luka Quqeşaşvili “Qarabağ”a ikinci variant kimi, Şahruddinə yük düşməsin deyə gəldi. Gürcüstan yığmasının da üzvüdür. Təsadüfən elə alındı ki, Məhəmmədəliyev zədələndi, Quqeşaşvili çərçivəyə keçdi. İndi də deyəcəklər ki, Şahruddin milli komandanın qapıçısıdır, onu ehtiyatda məhv edirlər. Qurban Qurbanovu gözəl başa düşürəm. Quqeşaşvili səviyyəsində qapıçı gələcəksə, gəlməsin. Məhəmmədəliyevdən ən azı 2 baş üstün olmalıdır. Yoxdursa, əldə olanlarla kifayətlənmək lazımdır. Məncə, məntiq bu olub. Deməli, yaxşı qapıçı tapa bilməyiblər. Əlbəttə, “Gent”lə oyunlarda çətin olacaq. Amin Ramazanov gəncdir, Quqeşaşvili “Turan Tovuz”la matçda belə, komandaya kömək edə bilmir. Hücumçusuz oynamaq olar, amma əsas qapıçın yoxdursa, üstəlik rəqib Belçika klubudursa, çətin olacaq.

– Necə düşünürsünüz, hazırkı qapıçılardan kim əsas heyətdə meydana çıxmağa daha real namizəddir?
– Statistikaya baxmaq lazımdır. “Qarabağ” çempionatın ikinci hissəsinə Luka ilə başladı, son matçda qapını Amin qorudu. Bəlkə də Qurban Qurbanov və Elxan Həsənov özü də hələ 1 nömrənin kim olacağını müəyyənləşdirə bilməyib. Düzdür, Amin gəncdir amma “mandraja” çox düşməyəcək. Məsələn, Murad Musayev qapını indiyədək adını eşitmədiyimiz Yusif İmanova etibar edirsə, o da öz növbəsində etimadı doğruldursa, niyə də Ramazanov oynamasın? Onun meydana çıxmasını istərdik. Gənclər yığmasında çıxış edir. Onun oynaması ölkə futbolu üçün daha faydalı olardı. Amma digər tərəfdən bir uğursuz oyun karyerasını çox geri sala bilər. Quqeşaşvili isə daha təcrübəlidir.

– “Qarabağ”ın qış transferlərini necə dəyərləndirirsiniz? Üç oyunçu alındı, ikisi hazır deyil…
– O vaxt Reynaldo alınanda da içi mən qarışıq hamımız tənqid etdik ki, hazır deyil. Nəzərə alaq ki, onların adları uzun müddət Qurban Qurbanovun dəftərində olub. Diakabi və Benziya 100 faiz növbəti mövsüm üçün transfer olunub. Bu, mayda tez-tələsik futbolçu axtarmaqdan daha yaxşıdır. Oyunçuları indidən almaq lazımdır ki, komandaya, ölkəyə uyğunlaşa bilsinlər. İyulda avrokubokların yeni mövsümü başlayacaq. Bunlar çox incə məsələlərdir. Redon Cica mənim özümə də təklif olunmuşdu. Sadəcə, qiyməti yüksək idi. Ağlıma gəlməzdi ki, “Tirana” səviyyəsində komandanın üzvü “Qarabağ”da oynaya bilsin. Kadi “Qarabağ”a “Tirana”dan daha zəif komandadan keçmişdi. Yeri gəlmişkən, braziliyalı yarımmüdafiəçi də mənə təklif edilmişdi. Amma “yatıb qaldım” (gülür). Cica pis təsir bağışlamır. Ən azı çempionatda komandaya güc qatacaq. Amma Kadi Borgesin boşluğunu doldurmaq çətin olacaq.

– Sizcə, Kadi Borgesin satılması doğru qərar idi?
– Futbolçu getmək istəyirsə, onu saxlamaq düzgün deyil. Əlbəttə, pulsuz, bazar qiymətindən aşağı məbləğə buraxmaq da olmaz. Kadi burada qalmaq istəmirdi. Çünki Azərbaycanda demək olar ki, bütün uğurlara nail olmuşdu. Bundan artıq nə ola bilər? Çempionlar Liqasının qrup mərhələsi? O, yuxu idi. Bir dəfə gördük, yəqin ki, yaxın 10 ildə bir daha olmayacaq. Ona görə də satılması tam düzgün addım idi. Futbolçunu da başa düşmək lazımdır. Gənc deyil, bu gün – sabah 30 yaşı olacaq. Maaşı “Qarabağ”dakından hardasa 3 dəfə artıqdır. Braziliyalıdır, Rusiyadakı siyasi durum onun çox da vecinə deyil. Bu cür futbolçuları saxlamaq üçün ilk növbədə regionlarda infrastrukturu düzəltmək lazımdır. O, günorta vaxtı oynamamaq üçün, Tovuzda meydana çıxmamaq üçün “Qarabağ”dan ayrıldı. Bölgələrdə futbol üçün hər şey var, amma oyunçular paltarlarını vaqonlarda dəyişirlər. Futbolun İnkişafı Fondu avtobus pulu yığmaqdansa, infrastrukturu düzəltməlidir. İşıqlandırma problemi həll olunmalıdır. Səhər yeməyindən sonra futbol oynamaq olmaz. Avtobus almaq hazırda dünya klubları üçün 25-ci məsələdir. Futbola son 3-4 ildə baxanlar deyə bilərlər ki, İngiltərədə günorta saatlarında oyunlar olur. Razıyam, amma burada televiziya maraqları da var. Üstəlik, bir komanda bu tur günorta oynayırsa, bir də 2 aydan sonra eyni saatda meydana çıxacaq. Bu, daha hər tur olmayacaq. Sözüm futbola “livescore” vasitəsilə baxanlara aiddir (gülür).

– Digər yerli klublar, xüsusilə “Neftçi”nin qış transferləri barədə nə düşünürsünüz?
– Ən yaxşı transfer kampaniyasını “Sabah” keçirir. Lazımsız futbolçuları buraxıb, heç kimi də almayıb. Niyə? Çünki yayda işlər düzgün qurulub, sistem var. Skautlar çox yaxşı işləyiblər. İndi də bunun bəhrəsini görürlər. İkinci pillədədirlər və “Neftçi”yə üstdən-aşağı baxırlar. Halbuki “ağ-qaralar”a futbolçu gətirmək daha asandır. Amma “Neftçi”də skautinq işi düzgün qurulmayıb. Bunun nəticəsi olaraq, yayda cəlb olunan futbolçular qışda getdi. Laurentsiu Regekampfın əlində imkan olsaydı, Yeqor Boqomolski ilə Solomon Kverkveliyanı da göndərərdi. Qışda bir komandada hər mövqe üzrə futbolçu lazımdırsa, deməli, yayda transferlər düzgün edilməyib. Kilan Lebon pis təsir bağışlamır. Səviyyəsi var, oyunu öz üzərinə götürür, Azərbaycan futboluna xeyir verə bilər. Mateus Saldanya hücumçu kimi xoşuma gəldi. Tipik braziliyalı forvarddır, bütün keyfiyyətlər var. O hara, Donyo və ya Boqomolski hara? Yayda yaxşı transferlər eilsəydi, bəlkə də “Neftçi” indi “Qarabağ”la rəqabət apara bilərdi. Amma bir məsələ də var ki, Saldanya “Sumqayıt”a vurduğu qolu “Qarabağ” və ya “Sabah”la oyunlarda da vura biləcəkmi? Bu cür oyunçular əsas rəqiblərlə matçlarda özlərini yaxşı tərəfdən göstərirlərsə, deməli, avrokuboklarda da komandaya kömək edə bilərlər. Bu baxımdan nəsə demək tezdir. Kənardan elə görünür ki, klub rəhbərliyi yayda edilən səhvləri indi düzəltməklə məşğul olur. Məncə, sürətli mərkəz müdafiəçisi alınmalı idi. Bəlkə də buna büdcə imkan vermədi. Yayda daha diqqətli olmaq lazımdır ki, qışda 7-8 oyunçu göndərməyəsən.

CAHİD

Bənzər xəbərlər