Quqeşaşvilinin "quşları"
“Qarabağ” əvəzedici heyətlə meydana çıxdığı oyunda belə, “Səbail”ə heç bir şans vermədi. Halbuki indi Ağdam klubunun bütün diqqəti “Ferentsvaroş”la cavab matçındadır. Heyətini xeyli gücləndirən, 6 legionerlə müqavilə bağlayan “Səbail” isə 90 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Qurban Qurbanovun komandası azacıq təzyiqi artıran kimi qonaqların qapısı qarşısında təhlükəli vəziyyət yaranırdı.
Əgər “Qarabağ” ikinci hissənin ortalarından sonra hücumu daha çox düşünsəydi, təzyiq göstərsəydi, əminəm ki, Balayev qapısında daha çox qol görəcəkdi. Lakin bu baş vermədi, əksinə 72-ci dəqiqədə “Səbail” qollardan birinin əvəzini çıxdı. Özü də necə? Mahmud Qurbanovun komandası bu qol üçün xüsusi bir iş görmədi, çox əziyyət çəkmədi, kombinasiya qurmadı. Cərimə meydançasına ötürülən topu Laşa Quqeşaşvili nədənsə çıxıb uzaqlaşdırmaq istədi. Halbuki Rahil Məmmədovla Abbas Hüseynov rəqib futbolçunun yanında idilər və bu hücum “Qarabağ” üçün təhlükə törətmirdi. Gürcüstanlı qolkiper isə elə fikirləşdi ki, mütləq müdaxilə etməlidir. Uğursuz çıxışdan sonra top Elmir Tağıyevə tərəf gəldi və qonaqların gənc futbolçusu boş qapını dəqiq nişan aldı.
Bugünkü oyun bir daha göstərdi ki, Quqeşaşvilinin Şahruddini əvəzləyib “Qarabağ”ın əsas qapıçısına çevriləcək potensialı yoxdur. Həçənd Luka Azərbaycana yeni gələndə fikirləşirdim ki, o, rahat şəkildə Ağdam klubunun “1-ci nömrəsi”nə çevriləcək. Bunun üçün kifayət qədər əsaslarım da vardı. Quqeşaşvilinin əla göstəriciləri (ən azı Şahruddinindən hündürdür), normal karyerası vardı. Heç birində oynamasa da, “Qranada” və “Yagelloniya” kimi klublarla müqavilə bağlamışdı. İspaniya klubu onu hələ 20 yaşında icarəyə götürmüşdü.
Luka bu gün də Qurban Qurbanovun etmadını doğrulda bilmədi. Azərbaycan çempionatında bu cür matçlar özünü göstərmək baxımından əla şansdır. Amma “Səbail”lə görüşdən sonra Qurbanov necə etimad göstərib onu avroluboklarda heyətə qoysun? Bir dəfə etdi və bunun nə ilə nəticələndiyini hamımız gördük. Ötən mövsüm UEFA Konfrans Liqasının pley-offunda Şahruddin zədəli olduğu üçün “Olimpik”lə səfər görüşündə Quqeşaşvili qapını qorudu. O, artıq “Velodrom”a ayaq basanda həyəcandan ayaqları əsirdi. Nə qədər çalışsa da, toparlana bilmədi və Fransa klubu ilə qarşılaşmada səhvlərlə yadda qaldı.
Quqeşaşvili sonuncu dəfə mayın 8-də “Zirə” ilə çempionat oyununda meydana çıxmışdı. Aydın məsələdir ki, qapıçılar üçün oyun təcrübəsi vacibdir. Lakin ehtiyatda oturan qolkiperlər öz vaxtlarını gözləməli və hər zaman meydana çıxmağa hazır olmalıdırlar. Mövsüm ərzində onlara bir-iki dəfə belə imkan yaranır. Dünənki oyun göstərdi ki, Quqeşaşvili “birinci nömrə” olmağa hazır deyil.
AYXAN