Qurban Qurbanov: "8-ci sinifədək əlaçı olmuşam"
“Demək olar ki, bütün idman növlərində aktiv və bacarıqlı olmuşam. Futbol həmişə digərlərindən fərqlənib və buna maraq daha böyük olub. Az da olsa, güləşlə və karate ilə məşğul olmuşam. Amma futbolu yaddan çıxartmırdıq”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
50 yaşlı mütəxəssis məktəblərdə bütün yarışlarda iştirak etdiyini bildirib: “Burada daim aktiv idim. 7-ci sinifdə oxuyanda böyüklərlə futbol oynayırdım. Şaban Şirdanov məni orada görüb bəyəndi və “Daşqın” komandasına dəvət etdi. Həmin vaxt böyük qardaşım Musa Qurbanlı əsgərlikdən gəlmişdi. Mənə dedi ki, səni futbolçu edəcəyəm. Daha sonra komandanın əsas oyunçularından biri oldum. İlk rəsmi matçımda müdafiənin solunda çıxış edirdim. Qardaşım və məşqçim məndən daha çox şeyləri tələb edirdi. Mən də daha çox məşq keçmək istəyirdim”.
Qurbanov futbola gəlişinin gözlənilməz olduğunu diqqətə çatdırıb: “Valideynlər daha çox təhsilə diqqət yetirməyimi istəyirdi. 8-ci sinifədək əlaçı olmuşam. Futbolda digərlərindən üstün olmağa çalışırdım. Təəssüf ki, indiki savad o vaxt yox idi. Məndə yavaş-yavaş futbolçu fəlsəfəsi formalaşdı”.
“Düşünmürdüm ki, futbolçu, sonra məşqçi olacağam. Barselonada olanda eyniadlı klubun futbol fəlsəfəsi ilə maraqlandım. Pep Qvardioladan gördüklərimi “Qarabağ”da yeritməyə çalışdım. Pis də alınmır. Topa daha çox sahib olmaq istəyirik”, – deyə “Qarabağ”ın baş məşqçisi əlavə edib. (Report.az)