"Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən adamdır" - "Qarabağ"ın sabiq oyunçusu
“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşa mətbuatına müsahibə verib.
Msport.az xəbər verir ki, “TVP Sport” nəşrinə danışan müdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb:
“Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı.
“Lex”lə oyunu izlədim. “Qarabağ”dan daha çox şey gözləyirdim. Bu komandanı tanıyıram və mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır.
Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur. Hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də irəli getmək istəyir. Onun necə peşəkar olduğunu görmüşəm.
Qurbanovun Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, getmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Allah kimi yanaşırlar. Keçirdiyim 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.