Qurban Qurbanov hakimlər barədə nə dedi?
Azərbaycan Premyer Liqasında VI turun “Qarabağ” – “Sabah” (4:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Bəzən belə oyunların bitməsini istəmirsən. Maraqlı epizodlar, əsl futbol var idi. “Sabah”ı təbrik etmək istəyirəm. Bu gün elə bir oyun oldu ki, ancaq alqış düşürdü. Qarşımızda çox istəkli komanda var idi. Bu qarşısındakını da oyunun gedişatında dəyişir, daha məsuliyyətli edir. Buna çox şad oldum. Futbolçularımı təbrik edirəm. Dəyişikliklər var idi. Çox əziyyət çəkdilər. Azarkeşlər əsl futbol gördülər. Sürət, dinamika, mübarizə, hücumlar, qollar var idi. Nəticə öz yerində ümumi oyundan daha çox razı qaldım.
– Bu oyunu Avropa səviyyəli saymaq olarmı?
– Mütləq belə idi. Hətta gərginlik bəzi oyunlardan daha çox idi. Əsl mübarizə, əsl futbol var idi.
– Bədavi “Nant”a qarşı oynaya biləcək?
– Sabah, növbəti gün dəqiq biləcəyik. Hazır olmaq ehtimalı daha çoxdur.
– İkinci penalti epizodunda komandaya etiraz edirdiz. Bu, nə ilə bağlı idi?
– Tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə reaksiya verdim.
– Oyunun hakimliyi ilə bağlı nə deyə bilərsiz?
– Hakimlər üçün ən çətin oyunlardan biri idi. Necə göründüyünü bilmirəm. Hər iki tərəfə səhvlər var idi. Bunlar oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz.
– Rəqibdən sayda və hesabda üstün idiz, amma qısa zaman kəsiyində 2 qol buraxdız. Bunu necə izah etmək olar?
– İzah edəcək bir şey yoxdur. Meydanda çəkinməyən rəqib var idi. Hücum etməyə çalışırdılar. 2-ci qoldan sonra futbolçuların emosiyaları həddən artıq idi. Çox sevindilər. Bir qədər oyunun ritmi itdi. Futbolçular mövqe dəyişikliklərinə öyrəşincə rəqib bunlardan istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi.