Qurban Qurbanov: “Oyun taktiki mübarizə üzərində quruldu”
“Cavab oyununda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib: “Görüş gözlədiyimiz kimi ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçdi. Qarşımızda kifayət qədər güclü, xüsusilə də ikili mübarizələrdə üstün təsir bağışlayan rəqib var idi. Buna görə də oyun baxımlılıqdan çox taktiki mübarizə üzərində quruldu. Bununla yanaşı, bu qarşılaşma hər iki komandanın bir-birini daha yaxından öyrənməsi baxımından əhəmiyyət daşıyırdı”.
O, ÇSKA-nın müxtəlif taktiki sxemlərə uyğun oynamağı bacaran komanda olduğunu vurğulayıb: “Bu da bizə müəyyən çətinliklər yaratdı. Belə rəqiblə üz-üzə gəlmək bizim üçün faydalı təcrübə oldu. Qarşılaşmada yol verdiyimiz səhvlər olsa da, futbolçular oyunun tempini qoruyub saxlaya bildilər. Düşünürəm ki, cavab matçı daha maraqlı və fərqli məcrada keçəcək. Həmin görüşdə hər detal üzərində daha ciddi işləmək və daha doğru qərarlar qəbul etmək lazım gələcək”.
Qeyd edək ki, “Qarabağ” və ÇSKA komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı bir həftə sonra Sofiya şəhərində keçiriləcək.







