featured-image-12786

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında rəqibi yaxından tanıdıqlarını söyləyib:

“Maksim Medvedev, Rail Məmmədov və Kevin Medina zədəlidir. Bədavi Hüseynovun ümumi durumu isə pis deyil. Matça hazır olmaq ehtimalı çoxdur. Dünən də komanda ilə məşq edib. Onun durumuna bu gün bir daha baxacağıq. Qərar vermək üçün tam əmin olmalıyıq”.

Qurbanov məsuliyyəti dərk etdiklərini vurğulayıb: “Biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdiyimizi xatırladırıq. Legionerlərə də bu barədə məlumat verilir. Artıq torpaqlarımız geri qayıdıb. Nə qədər torpaqlarımızın qayıtdığını desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhidlər barədə oxuyuram. Onların arasında 2-3 yaşında övladı olanlar var. Çox ağırdır. İşimiz çətin olsa da, komandanı görüşə tam hazırlamalıyıq”.

Təcrübəli baş məşqçi rəqibin statistikası barədə məlumatının olduğunu sözlərinə əlavə edib: “Onların ötən mövsüm Fransa Kubokunu qazanması təsadüf deyil. Mövsümün əvvəlində hansısa çatışmazlıqları ola bilər. Rəqibin yaxşı müdafiə və hücum xətti var. Bunu özümüzü sığortalamaq üçün demirəm. Bütün komandalarda hansısa zəif nöqtələr olur”.

Mütəxəssis son olaraq rəqibin bütün futbolçularının yaxşı səviyyədə olduğunu deyib.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.

Bənzər xəbərlər