featured-image-11014

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.

50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:

“Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır. Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq”.

Qurbanov müdafiəçi Toral Bayramovla Türkiyənin “Qalatasaray” klubunun maraqlandığına dair iddialara da münasibət bildirib. O, 21 yaşlı müdafiəçiyə real təklifin olmadğını söyləyib. Təcrübəli baş məşqçi kluba belə məlumatın gəlmədiyini də diqqətə çatdırıb:

“Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir”.

Qurbanovun sözlərinə görə, bu cür xəbərlər futbolçunu yaxşı oyundan uzaqlaşdırır: “Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verir. Öz təcrübəmə əsasən deyirəm ki, gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar”.

Xatırladaq ki, Doğan Xəbər Agentliyi “Qalatasaray”ın Toral Bayramovun meneceri ilə danışıqlara başladığını bildirib. 21 yaşlı sol cinah müdafiəçisi ilə Türkiyə Super Liqasından “Kayserispor” və 1-ci Liqadan “Eyüpspor”un da maraqlandığı iddia olunur.

Avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk görüşdə hesab açılmayıb.

Bənzər xəbərlər