featured-image-16929

“Səbail” ardıcıl 3-cü oyunda da məğlub oldu. “Dənizçilər” bu dəfə “Zirə” səfərindən əliboş qayıtdı – 0:1. Mahmud Qurbanovun komandası artıq beş görüşdür ki, qələbəyə həsrətdir. Əslində oyun planı baxımdan da “Səbail” ümid vermir. Bəzən bir komanda qalib gələ bilmir, “qara zolağa” düşür, lakin oyununa baxanda fikirləşirsən ki, bu müvəqqətidir. Çünki konandada iş görünür və harda olsa, qələbələr, xallar gələcək. Lakin “Səbail”də tam fərqli mənzərədir. Artıq 14 tur geridə qalıb, lakin Mahmud Qurbanov hələ də start heyətini müəyyənləşdirə bilməyib.

Turan Manafov gah start heyətində yer alır, gah da ümumiyyətlə, sifariş ərizəsinə düşmür. Ötən mövsüm komandanın ən yaxşılarından olan müdafiəçi son 4 görüşdə ehtiyatda qalıb.

4-cü turda “Kəpəz”lə matçda (4:1) meydana çıxan Ədilxan Qarəhmədov bundan sonra 8 oyunda şans əldə etmir. Son iki görüşdə isə müvafiq olaraq 19 və 11 dəqiqə oynayır.

Qurbanovun “Neftçi-2″dən özü ilə gətirdiyi Emin Zamanov da 5 görüşdür ki, kənarda qalır.  Baş məşqçinin bəzi qərarlarını başa düşməkdə də  adam çətinlik çəkir. Ötən tur “Sabah”la matçda Emil Balayev qala-qala, Hüseynəli Quliyevi qapıya qoyan Qurbanov 73-cü dəqiqədə səhv etdiyini anlayır və Balayevi meydana buraxır.

Açığı “Zirə”yə son məğlubiyyətdən sonra “Səbail”in baş məşqçisinin günahı öz üzərinə götürəcəyini, üzrxahlıq edəcəyini gözləyirdim. Amma futbolçu vaxtı “professor” ləqəbini qazanan Qurbanov professorlar kimi uzaqgörənlik edə bilmir və ardıcıl 3 məğlubiyyətdən sonra dünyanın sonunun olmadığını deyir. O, qarşıda oyunlarının olduqlarını və nəticələri yaxşılaşdırmağa çalışacaqlarını bildirir. “Səbail” isə qış fasiləsinə kimi səfərdə “Neftçi”, “Qəbələ” və “Sumqayıt”la, evdə isə “Qarabağ”la qarşılaşacaq. Gəl, indi bu oyunlarda nəticəni yaxşılaşdır, görüm?!

Bəlkə də Mahmud müəllim üçün dünyanın sonu deyil, lakin bu il büdcəni xeyli artıran sponsorlar, rəhbərlik yəqin ki, başqa cür düşünür.    Komandanın 6-ci pillədə olan “Turan”dan 6 xal geri qalması, 8-ci yeri tutan “Şamaxı” ilə isə xalların bərabərləşməsi 8 milyon büdcəyə malik klub üçün faciəvi durumdur.  Amma baş məşqçi belə düşünmür və artıq indidən qışın planlarını cızır. O, qışdan sonra komandanın daha yaxşı olacağını deyir. Görəsən, rəhbərlik də bu fikirlə razıdır?

“Mahmud Qurbanov istefa haqqında düşünürmü” sualına isə “professor” “ağlımdan da keçirmirəm” cavabını verir. Bu yerdə Qurbanov yaşı 80-ə çatıb Elmlər Akademiyasının pilləkənlərini zülümlə qalxan və yerini gənclərə verməyən professorlar kimi davranır. Düzdür, Mahmud müəllim gəncdir, bəlkə də məşqçi karyerası irəlidədir. Amma istefa mədəniyyəti də çox yaxşı bir nəsnədir. Niyə gözləyəsən ki, səni çıxarsınlar? Nəticə olmayanda üzüsulu getmək daha yaxşı deyil?

AYXAN  

Bənzər xəbərlər