featured-image-29038

“Turan Tovuz”un bu mövsüm ilk dəfə “Zirə”ni məğlub etməsi, Rəşad Sadıqovun komandasının stadartlardan qollar buraxması, onların “Qəbələdə”dən 6 xal geri düşməsi – bütün bunlar Rauf Cabbarovun idarəçiliyinin kölgəsində qaldı. Zirədə bəlkə də mövsümün ən bərbad idarəçiliyinin şahidi olduq. Sanki Cabbarov oyuna anlaqlı vəziyyətdə gəlməmişdi. Yəni FİFA referisi olan adam bir matçda bu qədər səhv edər?

19-cu dəqiqə. Miller Kulaça toxunmasa da, hakim penalti nöqtəsini göstərdi. Yalnız VAR-da olan Tural Qurbanovun müdaxiləsindən sonra Cabbarov monitora baxmağa getdi və səhvini düzəldib qərarını dəyişdi.

29-cu dəqiqə. Eldar Quliyeə qarşı penalti olduğunu düşünmürəm. Bu dəfə də VAR-dan müdaxilə gəldi ki,  referi epizoda baxsın. Məncə,  Cabbarov ardıcıl 2 dəfə qərarını ləğv etməmək üçün 11 metrlik cərimə zərbəsi olmasında təkid etdi. Görünür, məhz bundan sonra hakim psixoloji baxımdan tam “sındı” və oyuna nəzarəti əldən verdi.

39-cu dəqiqə,. Bu dəfə laysman səhvə yol verir. Kulaç topu “Zirə”nin qapısından keçirərkən oyundankənar vəziyyət yox idi. Yan xətt hakimi bayrağını havaya qaldırır. VAR isə efirə əyrü-üyrü xətt çəkir. Ümumiyyətlə, AFFA, PFL bu məsələyə diqqət yetirsə, yaxşı olar. Belə xəttdənsə efirə heç nə göstərməsələr, yaxşıdır. Vaxtilə VAR-a texniki tərəfinə əsas cavabdeh olan PFL prezidenti Elxan Səmədov yəqin ki, o vaxt belə əyri xətti ağlından da keçirmirmiş.

45+2-ci dəqiqə. İssa Cibrila öz cərimə meydançasında Runiyə qarşı qaydanı pozur. Epizodun təkrarına baxdıqda görünür ki, ayağa aşkar müdaxilə olub, kontakt var. Lakin Cabbarov davam işarəsi verir, VAR da epizoda müdaxilə eləmir.

53-cü dəqiqə. “Turan Tovuz” cərimə zərbəsindən sonra 2-ci qolu vurur. Hakim qolu qeydə alır. Lakin “Zirə” futbolçularının etirazından sonra FİFA referisi qolu ləğv edir və cərimə zərbəsinin təkrarlanmasını istəyir. Bu epizodda Cabarov cərimə zərbəsindən əvvəl fitini səsləndirməmişdi və meydan sahibləri hələ hazır deyildilər. Ən pisi isə oyun vaxtı özündə olmayan hakim az əvvəl verdiyi qərarı ləğv etdi.

Bir sözlə, dünən Zirədə hakimlik adına fiasko yaşandı. Görəsən, Hakimlər Komitəsnin sədri Barış Şimşek dünənki oyunla bağlı nə deyəcək, ya ümumiyyətlə şərh verəcəkmi?

AYXAN 

 

 

Bənzər xəbərlər