Rəfiyevlə Baqanın "qısır" "Sumqayıt"ı
“Sumqayıt” 4 oyundur ki, qol vura bilmir. “Sumqayıt” Premyer Liqada fərqlənə bilməyən yeganə komandadır. Baş məşqçi Aleksey Baqa isə futbolçularının nə vaxt rəqib qapısına yol tapacaqlarının cavabını bilmir. Deyəsən, “roddom”la sıx əlaqələri olan belaruslu mütəxəssis buna obrazlı şəkildə belə cavab verib: “Bu, hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək”.
Amma yaxşı olardı ki, Baqa belə misallar çəkməkdənsə, komandasının problemlərini həll etsin. Riad Rəfiyevlə Baqanın transferləri – hərçənd məşqçinin bu məsələdə çox da səlahiyyyət sahibi olmasını düşünmürəm – sözün həqiqi mənasında bərbaddır. 2-ci turda “Qarabağ”la oyundan sonra Alya Ture ilə Ouro-Nil Ture ehtiyat oyunçular skamyasının sakininə çeviriliblər. Ümumiyyətlə, Baqa ilə menecer-prezident Rəfiyev Ouronun nəyini bəyənib, hansı keyfiyyətlərinə görə transfer edib, başa düşmək olmur.
Ötən mövsüm guya komanda zəif oynadığına görə, Rəfiyev baş məşqçi Ayxan Abbasovu istefaya göndərib yerinə Baqanı gətirdi. Dünən isə həmin Abbasov Sumqayıtda “qısa vaxt ərzində necə komanda yaratmaq olar” adlı seminar keçdi. Düzdür, meydan sahiblərinin də qol epizodları az olmadı, lakin bu heyətlə “Sumqayıt”ın hələ yaxın vaxtlarda fərqlənəcəyi şübhə doğurur.
Baqanın trasnfer məsələlərinndə səlahiyyət sahibi olmamasından əslində hələ qışda şübhələnmişdim. Təsəvvür edin, “Sumqayıt” qışda uzun müddət futbol oynamayan Elşən Abdullayevi (o, bu mövsüm 1 dəqiqə belə meydanda olmayıb), klubsuz qalan Vüqar Bəybalayevi və Rəfiyevin müştərisi Araz Abdullayevi transfer etdi. Belaruslu məşqçi bu futbolçulardan ən yaxşı halda Arazı az-maz tanıya bilərdi.
Ötən mövsüm “Sumqayıt” rəsmiləri tez-tez “ən çox gənc futbolçu oynadan komanda” bizik deyib qürrələnirdilər. Hardadır o gənclər? Rüfət və Səbuhi Abdullazadələri çıxmaq şərti ilə “Sumqayıt”da gənc görən olub? Hazırda komandada 9 legioner var. Amma bu əcnəbilər o qədər yararsızdılar ki, “Turan Tovuz”la qarşılaşmada (0:0) onlarıdan beşi ehtiyatda qalmışdı. “Sumqayıt”a bu mövsüm legioner transfer etməyə icazə veriləndə sevindik ki, nəhayət, komanda heyətini istədiyi kimi gücləndirəcək, hətta bəlkə avrokuboklar üçün də mübarizə apardı. Lakin bu cür əcnəbilərə maaş verib gətirib ehtiyatda saxlayacaqsansa, ondansa elə yerlilər çıxıb oynasın da.
Görünən budur ki, Baqa Belarus, Litva, Qazaxıstanda qazandığı müsbət reputasiyanı Azərbaycanda xərcləyir. 2-3 tur da belə davam etsə, Rəfiyev “baş məşqçi ümidlərimizi doğrultmadı” deyib onu asanıqla qurban verəcək. Necə ki, bu haqsızlığı vaxtilə Ayxan Abbasova etmişdi.
AYXAN