featured-image-25399

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 27-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Özümüz oyunu çətinləşdirdik. İlk hissədə sürətli oynamırdıq. Rəqibə imkanlar yaradırdıq ki, əks-hücumlar yarada bilsinlər. Oyunçularla bu haqda danışdıq. Şanslarımızdan istifadə edə bilsəydik, hər şey istədiyimiz kimi olardı. İkinci qolu vurduqdan sonra bərabərlik qolu qapımıza vuruldu. Üçüncü qolumuz sayılmadı. Gözlədiyimiz oyun olmadı. Çalışacağıq ki, fasilədə daha yaxşı hazırlaşaq. Üçüncü qolumuzun sayılmamasını şərh etmək istəmirəm.

Qarşıda 9 tur var. Mən oyunçularıma inanıram. “Sabah”a çata bilərik.

Çoxlu qol şanslarını qaçırdıq. Uğursuzluq olsa belə, bir-birimizin yanında olmalıyıq. 3-4 gündən bir oyun olanda aqressivlik artıq olmur. Bundan əvvəlki oyunu süni örtüklü meydançada oynadıq. Məşq üçün üç gün vaxtımız vardı. Bəzi oyunçular üçün bu, çətindir. Düşünürəm ki, evdə oynadığımız üçün qələbə qazanmalıydıq.

Bizim qarşıda yoldaşlıq oyunlarımız var. Əsas heyətdən 6-7 oyunçu milli komandada olacaq. İstədiyimiz proqramla davam etmək üçün aşağı yaş qruplarından futbolçu cəlb edə bilərik. Hər bir komandanız öz proqramı var. Təsəvvür edin ki, futbolçularım başqa komanda üçün oynayır və zədə alır. Onların ödənişini kim ödəyəcək?

Biz problemlərimizin nədən ibarət olduğunu bilirik. Öz oyunçularımı burada tənqid etmək istəmirəm. Meydançada olan bütün hadisələrin məsuliyyətini öz üzərimə götürürəm. Hazırda qarşıda oyunlarımız var. Onlara köklənməyə çalışacağıq”.

Bənzər xəbərlər