Rəhim Sadıxov "Sumqayıt"da qalmayacaq - "Qarabağ" futbolçu ilə maraqlanır
Yeni mövsümdə “Sumqayıt”ın heyətində ciddi dəyişiklilərin olacağı gözlənilir.
Msport.az xəbər verir ki, bu günlərdə millimizin üzvü Anatoli Nuriyevlə müqavilə bağlayan “gənclik şəhəri” təmsilçisi bəzi futbolçularla yolları ayırmağı planlaşdırır.
Heyətə düşməkdə çətinlik çəkən Vurğun Hüseynov çempionatın sonunda komandanı tərk edəcək. 34 yaşlı müdafiəçi 2021-2022-ci illər mövsümündə cəmi 5 oyunda meydana çıxıb.
Onunla yanaşı digər təcrübəli futbolçu – Elvin Məmmədovu da “Sumqayıt”da görməyəcəyik. Millimizin sabiq üzvü cari çempionatda 8 matçda şans əldə edib. Hər iki oyunçunun Premyer Liqaya yüksəlməsi planlaşdırılan “Turan Tovuz”a keçməsi gözlənilir.
Məmmədov və Hüseynovdan fərqli olaraq, “Sumqayıt” Rəhim Sadıxovla müqaviləni uzatmaq istəsə də, yığmamıza da cəlb olunan 25 yaşlı yarımmüdafiəçi komandada qalmaq niyyətində deyil. Daha yaxşı təklifləri nəzərdən keçirən futbolçunun anlaşması mövsümün sonunda başa çatır. Sadıxova maraq göstərən klublar arasında “Qarabağ” da var.