featured-image-16771

Rəşad Dağlının qətl törədib həbs edilməsi ölkə gündəmini dəyişən hadisələrdən oldu. Qaradağ rayon Prokurorluğu qarşısında yaranan izdihamı görəndə elə bildim hansısa siyasi partiya aksiya keçirir. Sonra yadıma düşdü ki, indi ölkədə nə düz-əməlli müxalif qüvvə var, nə də siyasi məsələlərə görə küçəyə çıxan insanlar.

Hətta həmin izdihamın videosuna baxa-baxa Azərbaycan Premyer Liqası ilə müqayisə də apardım. 13-cü turun “Səbail” – “Sabah” oyununu Bayılda 500, “Qəbələ” – “Zirə” matçını 24 (meydan sahiblərinin fanatları cəzalı idi və stadiona buraxılmamışdı), ölkənin ən çox sevilən komandası “Qarabağ”ın “Kəpəz”lə görüşünü isə 500 azarkeş izləyib. Deməli, Rəşad Dağlı, Pərviz Bülbülə, Baləli, Orxan Lökbatanlı Azərbaycan klublarından daha çox azarkeş kütləsinə malikdir. Onlar istəsələr, stadiona minlərlə tamaşaçı toplayarlar. Klublarımız vaxtında belə adamları öz tərəflərinə çəkə bilsəydilər, əməlli-başlı tərəfdar yığardılar. Ağamirzə niyə “Real Madrid” formasında poz versin ki? Ömrü boyu Maştağada “Neftçi” azarkeşləri olub, qoy elə “ağ-qaralar”ın oyunlarına gedib onlara dəstək olsun da.

Azərbaycanda auditoriyası çox olan insanlar əminəm ki, ya Türkiyə çempionatını dəli kimi izləyirlər, ya da Avropa klublarını. Ümumiyyətlə, Türkiyə Super Liqası, Türkiyə futbolu Azərbaycan çempionatının inkişafının qarşısını alan maneələrdəndir. Bakı restoranlarında, kinoteatrlarda derbilər vaxtı yaşananları yəqin ki, görmüsünüz? İynə atsan, yerə düşməz.

Bu əhvalatı  bir dəfə danışmışam. 2015-ci ildir, “Qəbələ” Avropa Liqasının qrupunda oynayır. İşdən tez çıxdım, Elmlərdə 6-cı paralel küçəsindəki publardan birinə özümü verdim ki, “Qəbələ”nin səfərdə “Krasnodar”la oyununa baxım. Sən demə, həmin vaxt “Fənərbaxça”nın da Avropa Liqasında matçı var imiş. Obyekt “Fənər” formalı azərbaycanlı uşaqlarla dolu idi, öncədən “rezervasiya” eləmişdilər. Obyekti işlədənə ha desəm də, xeyiri olmadı, dirəşdi ki, “yox e, “Fənərbaxça”nın oyununu verəcəyik. Bu qədər müştəri gəlib”. Adamı qınamaq da olmur, tələb-təklif məsələsi var və onun üçün ən önəmlisi həmin gün yaxşı qazanc əldə etmək idi.

Razıyam ki, Türkiyə çempionatının səviyyəsi bizdən üstündür, Super Liqaya böyük ulduzlar gəlir, yaxşı qazanc var və s. Amma onların bu qədər büdcə ilə avrokuboklardakı çıxışına baxırsan və görürsən ki, “Qarabağ” daha yaxşı performans göstərir.

Hamı razılaşar ki, indi İngiltərə Premyer Liqası dünyanın ən baxımlı çempionatıdır. Amma mən inanmıram ki, “Qalatasaray”ın, “Fənər”in oyunu vaxtı  İstanbulun hansısa məkanında “Çelsi” – “Mançester Yunayted” qarşılaşmasını izləməyə təlabat olsun. Bu, Türkiyədə mümkün deyil.

Əslində bütün bunların kökü bizim həmişə özümüzü kiçik xalq bilib, böyük qardaş axtarmağımızdan irəli gəlir. Məsələ təkcə idmanla məhdudlaşmır. Dünən tvitterdə bir nəfər yazmışdı ki, “Mor və Ötəsi”nin konserti baha qiymətə dolu olur, lakin yerli rok qrupları konsertdə heç 150 nəfəri yığa bilmirlər.

Özümüzə qiymət verməsək, heç kim gəlib bizi yuxarı başa keçirməyəcək.  Dünəndən fikirləşirəm, çempionatın adını Rəşad Dağlı Azərbaycan Premyer Liqası eləsək, tribunalar dolar?

ELNUR MƏMMƏDLİ  

Bənzər xəbərlər