Rəşad Sadıqov: “Əlimizdən gələni edəcəyik”
“Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.
Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde” (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.
O, rəqibin zəif olmadığını bildirib: “Bizi sabah çətin oyun gözləyir. Burada asan rəqib olmur. “Payde” də təcrübəli komandadır. Baş məşqçiləri də təcrübəlidir. Rəqibin oyun planı barədə məlumatımız yoxdur. Buna baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq”.
Sadıqov avrokuboklarda mübarizə aparan Azərbaycanın digər komandalarına da uğurlar arzulayıb: “Çempionlar Liqasında II təsnifat mərhələsini adlayan “Sabah”ı təbrik edirəm. Bütün komandalarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, 4 klubumuzun hər biri mərhələni keçər”.
Qeyd edək ki, “Zirə” – “Payde” görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.







