featured-image-11372

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Bakcell Arena”da “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında transferə çıxarılan Təmkin Xəlilzadə və İlkin Muradovdan danışıb. Msport.az xəbər verir ki, mütəxəssis onların komandaya qaytarılmayacağını deyib:

“Onların yaxın müddətdə komandaya qaytarılması gözlənilmir. Ola bilsin ki, gələcəkdə onlarla hansısa əməkdaşlığım olsun. Ancaq indiki durumda onların “Zirə”yə qayıtması mümkün deyil. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra evdə heç nə olmamış kimi evində istirahət edən futbolçu ambisiyalı ola bilməz”.

Rəşad Sadıqov III turun “Sumqayıt”la oyununda baş verənlərə görə, İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib: “Mən bu xəbərdarlıqdan bu gün matç vaxtı xəbər tutdum. Əslində mənim orada hakim Rəvan Həmzəzadəyə etiraz etmək fikrim olmayıb. Sadəcə, mən elə bildim ki, epizoda baxılmayacaq. Məndən başqa da orada etiraz edənlər vardı. Bir tək Rəşadın etiraz etdiyi görüldü. Mən də artıq bu xəbərdarlığı nəzərə alaram”.

Bənzər xəbərlər