featured-image-16401

“Zirə” ardıcıl iki oyundur meydanı xalsız tərk edir. Qəsəbə klubu ötən tur öz meydanında “Neftçi”yə 0:3 hesabı ilə uduzdu. Rəşad Sadıqovun komandası “ağ-qaralar”dan bütün komponentlərdə geri qaldı. Lakin hər şey fərdi səhvdən başladı. 6-cı dəqiqə Anar Nəzirovun kobud səhvindən sonra Yeqor Boqomolski “Neftçi”ni səfərdə önə keçirdi. Ardınca isə qonaqlar daha 2 qol vura bildi.

Təbii ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Qəbələ səfərində qapıçını əvəzlədi. Nəzirovun yerinə bu dəfə çərçivə digər təcrübəli qolkiper Mehdi Cənnətova tapşırıldı. Amma Cənnətov da “qaş düzəldən yerdə, vurdu gözünü çıxartdı”.

30 yaşlı əlcək sahibi həmyerlisi Şahruddin Məhəmmədəliyevin ötən mövsüm Konfrans Liqasında “Omoniya” ilə qarşılaşmada (2:2) yol verdiyi səhvi təkrarladı. O, da “Qarabağ”ın qapıçısı kimi düz meydanın mərkəzindən vurulan topa çatmadı və “Zirə” Cənnətova görə Qəbələdən xalsız döndü. İnsafən, 90+3-cü dəqiqədə vurulan qolda Ülvi İsgəndərovun ustalığını da qeyd etmək lazımdır. Sonradan oyuna daxil olmuş forvard həqiqətən ustalıqla zərbə endirdi.

İki turdur qapıçıların səhvinə görə top buraxan “Zirə” maraqlıdır, növbəti tur “Səbail”lə oyunda nə edəcək? Rəşad Sadıqov bu dəfə gənc Nail Alışovu yoxlayacaq?

AYXAN  

Bənzər xəbərlər