Ronaldodan Messi ilə bağlı paylaşım
Braziliyalı keçmiş hücumçu Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Msport.az xəbər verir ki, o, argentinalı hücumçu Lionel Messini ən yaxşı kapitan adlandırıb:
“Heyrətamiz final matçına dünyanın müxtəlif yerlərindən, eyni zamanda, Braziliyadan Messiyə dəstək olmaq üçün gedən insanları gördüm. O, təkcə dünya çempionatının yox, həm də bütöv bir dövrün ən yaxşı kapitanıdır. Dahiyə layiq vida idi. Dieqo Maradonanın da iştirak etdiyi bir ziyafət xəyal edirəm. Braziliyada sizi ürəkdən alqışlayacaq minlərlə insan var”.
Messi yığmadakı gələcəyi haqda danışarkən, millidə oynamağa davam etmək istədiyini deyib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həlledici matçda turnirin ən yaxşı oyunçusu titulunu da qazanıb.