"Sabah"ı durduran tapıldı, "Qəbələ" yenə büdrədi, Baqanın halı pisləşdi
Premyer Liqanın V turu bizə xeyli maraqlı material verdi. Çempionatın şərikli liderlərindən “Sabah” “Səbail”ə oyunda büdrədi, “Qəbələ” ardıcıl ikinci məğlubiyyətini aldı, “Sumqayıt” hələ də qol vura bilməyib.
“Qarabağ” “Frayburq” səfəri öncəsində özünü yormadan, çox güc sərf etmədən “Kəpəz”lə matçdan 3 xalla ayrıldı. Gəncə klubu 5 oyundur ki, xal qazanmayıb və aşkar autsayderdir. Məhz Ağdam təmsilçisi ilə görüşdən sonra “Kəpəz”in yeni baş məşqçisi təqdim olundu. Böyük tarixə malik klubu böhrandan çıxarmaq üçün Tərlan Əhmədovu çətin işlər gözləyir. Gəncədə vəziyyətin gərgin olması, azarkeşlərin, veteranların təzyiqi Əhmədovun onsuz da ağır işini bir az da gərginləşdirəcək. Üstəlik, də komandanı gələn tur “Turan Tovuz”la Qərb derbisi gözləyir. Bu oyunun prinsipiallığından, hər iki tərəf üçün nə dərəcədə vacib olmasından uzun-uzadı danışmağa dəyməz. “Turan”ın çempionata əla başlaması və 4 oyuna 7 xal yığması Tərlan Əhmədov və “Kəpəz” üçün əlavə problemdir.
Ayxan Abbaspovun komandası bu tur “Şamaxı” səfərində elə də parlaq oyun göstərməsə də, 3 xal qazana bildi. Matçın həddən artıq isti havada, süni örtükkü meydanda keçirilməsi keyfiyyətə aşkar təsir göstərirdi. Hər iki komanda ötürmələrdə tez-tez səhvlərə yol verir, birinci hissədə ümumiyyətlə, qapılar qarşısında real təhlükə də yaranmadı. Qonaqlar bu oyunu legionerlərin sayəsində qazandı. Natan Oduva qapıçı ilə təkbətəkdən yararlana bilməsə də, oxşar epizodda Runi Eva şansını boşa vermədi.
Bu oyun həm də “Şamaxı” üçün bir dərs oldu. Legionersiz, ancaq yerli futbolçularla Premyer Liqada qalmaq çətin olacaq. Vüqar Əsgərıi-Cavid Hüseynov dueti qışda heyəti əcnəbilər hesabına gücləndirməsə, 10-cu yer “Şamaxı”nın alnına yazılacaq.
“Neftçi” “Sumqayıt”ı 3 cavabsız qolla keçdi. Aleksey Baqanın komandası 5 oyundur ki, fərqlənə bilmir. Hətta matçdan sonra belaruslu mütəxəssis mətbuat konfransına belə qatılmadı. Sonradan bu, Baqanın səhhətinin pisləşməsi ilə izah olunsa da, Baqanın istefa verdiyi də deyilir. Düzdür, bu, hələ rəsmi təsdiqini tapmayıb. Sadəcə aydın olan odur ki, heyətinə 9 legioner cəlb edən “Sumqayıt” belə başlanğıc gözləmirdi. Növbəti tur “Sumqayıt” öz meydanında “Şamaxı”nı qəbul edir. “Qol orucu” yəqin ki, həmin qarşılaşmada pozular.
“Səbail” nəhayət ki, bu tur ümid verdi. Mahmud Qurbanovun komandası çempionatın şərikli lideri kimi oyuna çıxmış “Sabah”ı büdrədə bildi. Bu, Murad Musayevin yetirmələrinin ilk xal itkisi idi. “Sabah”ın qol epizodları çox olsa da, Emil Balayevin və müdafiə xəttinin inamlı oyunu “dənizçilər”ə 1 xal gətirdi. Həm də “Səbail” göstərdi ki, düzgün taktika, heyət seçilsə, komanda turnir cədvəlində daha üst sıralarda ola bilər. Sadəcə Mahmud Qurbanov bundan qat-qat çox işləməlidir.
“Sabah” isə Murad Musayev demişkən, qapalı oyun göstərən komandaların qapısına yol tapmağın yolunu öyrənməlidir. O, özü də yaxşı bilir ki, bu mövsüm çox komanda “Sabah”a qarşı müdafiə futbolu oynayacaq.
“Qəbələ” ardıcıl 2-ci oyunda məğlub oldu. Elmar Baxşıyevin komandası bu dəfə “Zirə” səfərindən xalsız qayıtdı. “Qırmızı-qaralar” ötən tur “Sabah”la qarşılaşmada olduğu kimi döyüşdü, mübarizə apardı, xeyli qol vəziyyəti yaratdı. Amma “Qəbələ”nin aşkar realizə problemi var. Ramon Maçado böyük ümidlərlə transfer olunsa da, gözləniləni verə bilmir. Digər yeni transfer Felipe Santos da potensialından tam şəkildə istifadə etmir. Halbuki o, ötən mövsüm “Keşlə”də (Şamax) daha parlaq və inamlı oyunla seçilirdi. “Qəbələ” 5 oyuna 9 xal toplasa da, əsas rəqiblərlə matçlarda büdrədi. Gələn tur da Elmar Baxşıyevin komandası evdə “Neftçi”ni qəbul edəcək. Əgər əyalət klubu həmin görüşdə də xal itirsə, böhrandan çıxmaq çətin olacaq.
“Zirə” 3 tur ardıcıl xal itkisindən sonra qələbəyə sevindi. Həm də qələbənin vacib tərəfi odur ki, meydan sahibləri 0:1 uduzduqları qarşılaşmada geridönüş edə bildilər. Rəhim Sadıqovun ustalıqla vurduğu 2 qol Rəşad Sadıqovun komandasına vacib qələbə qazandırdı.
5 turdan sonra “Sabah”, “Qarabağ” və “Neftçi” turnir cədvəlində digər rəqiblərinə yuxarıdan aşağı baxırlar. “Turan Tovuz”un 7 xalla (bütün xalllar səfərdə qazanılıb) 5-ci pillədə olması əsas sürprizlərdəndir. Hələ ki “Zirə” və “Səbail” öz bacarıqlarını tam ortaya bilməyiblər. Yəqin ki, növbəti həftələrdə daha güclü “Zirə” və “Səbail” görəcəyik.
ELNUR MƏMMƏDLİ