featured-image-56372

“UEFA Gənclər Liqasında mübarizəyə birbaşa 2-ci mərhələdən başladıq. İlk sınağımızda Avropanın ən yaxşı akademiyalarından birinə malik “Bazel”lə qarşılaşdıq”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Xorvatiyalı mütəxəssis UEFA Gənclər Liqasında “Bazel”lə 0:6 hesabı ilə uduzduqları matçı şərh edib: “Bu komanda ötən mövsümdə Zaqreb “Dinamo”sunu məğlub etmişdi. Həmin oyunda hazırda heyətdə olan bir çox futbolçu şans qazanmışdı. Rəqibin bu cür qarşılaşmalar üçün çox böyük təcrübəsi var idi. Oyunu fərqli atmosferdə, “Bazel”in əsas stadionunda keçirdik”.

Adino bildirib ki, belə matçlarda yaxşı nəticə qazanmaq üçün mümkün olduğu qədər fərdi səhvlərə az yol verilməlidir: “Təəssüf ki, oyunun artıq 6-cı dəqiqəsində bu cür səhvlərdən birini etdik. Bu da qarşılaşmanın sonrakı gedişatına təsirini göstərdi. Azərbaycan və Avropa futbolu arasında əsas fərq də məhz səhvlərin rəqiblər tərəfindən dəyərləndirilməsi faizi ilə bağlıdır. Belə matçlarda rəqib sənin hər səhvini cəzalandırırsa, Azərbaycanda bu nisbət daha aşağı olur. Gənc oyunçular üçün bu cür qarşılaşmalar bir təcrübədir. “Bazel” kimi rəqiblərlə matçlara köklənmək üçün bu keyfiyyətdə ən azı 5 oyun keçirməlisən. Bu, gənclərin belə mötəbər turnirlərdə ilk təcrübəsi idi. Fikrimcə, səhvlərdən nəticə çıxarmalı və gənclərə dəstək olmalıyıq”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 6-da keçiriləcək.

Bənzər xəbərlər