featured-image-5639

“Sabah” sanki Azərbaycanın “Mançester Siti”sidir. Kim xoşlarına gəldi, kimi bəyəndilər – transfer etmək problem deyil. “Transfer bazarı” yeni açılsa da, paytaxt klubu artıq 3 futbolçu ilə müqaviləni rəsmiləşdirib. Tellur Mütəllimov “Sumqayıt”ı “Sabah”a dəyişdi, Anatoli Nuriyev də Ukraynadan gələndə “gənclik şəhəri”ni dayanacaq kimi seçdi. Ötən mövsüm “Sumqayıt”da 5 oyun keçirən yarımmüdafiəçi çempionat başa çatdıqdan sonra Murad Musayevin yanına getdi.

Son olaraq da adı daha çox Polşa klubları ilə hallanan David Volkov “Zirə”dən “Sabah”a yollandı. Rəşad Sadıqovun komandası gürcü forvardı heyətdə saxlamaq üçün əlindən gələni etsə də, o, Konfrans Liqasında oynamaqdansa, daha cəlbedici maddi şərtləri seçdi.

Kef “Sabah”ındır, pulu var, xərcləyir, kim nə deyə bilər ki? Amma transfer məsələləri elədir ki, gərək əndazəni aşmayasan. Pulun o qədər çox olmalıdır ki, Belarusdan Aleksandr Neçayevi qapıçı kimi gətirib yalnız məşqlərdə sınayasan və yaxud Mixeil Ergemlidze ilə 2024-cü ilə kimi müqavilə bağlayasan, o da çıxıb əvəzedicilərin yarışında qırmızı vərəqə alsın. Hazırda “Sabah”da o qədər futbolçu var ki, bəlkə də Murad Musayev onların bəzilərinin adlarını hələ bilmir.

Paytaxt klubu artıq 3 ildir ki, Azərbaycan səviyyəsində normal pul xərcləyir, amma ortada bir nəticə yoxdur. Ötən mövsüm komanda avrokuboklara getməyə yaxın olsa da, sonda yalnız 5-ci yeri tutdu.  Çempionatın əvvəlində edilən səhvlər, baş məşqçilərin düzgün seçilməməsi klubun Masazırdan o yana çıxmasına mane oldu. Hərçənd ki, “Sabah” rəsmiləri uğursuzluqda daha çox hakim səhvlərini qabardırlar. İnsafən paytaxt klubunun oyunlarında səhvlər az olmadı, lakin bu tək “Sabah”ın başına gəlməyib axı. Eyni aqibətlə bəzən “Zirə”, bəzən “Qəbələ”, arada lap “Neftçi” də üzləşib.

Hazırda komandada 13 legioner – Aleksandr Neçayev, Boyan Letiç, Qabriel Hiqor, Zurab Oçiqava, Aleksey Kaşuk, Kristian da Silva, Coy-Lens Mikels, Xuan Kamara, Lukas Rangel, Kristian Sebalyos, Mixeil Ergemlidze, Tiemoko Fofana, David Volkov var. Hələ mən milləşdirilmiş bəzi gənc oyunçuları demirəm.

Çoxluq barədə şifahi xalq ədəbiyyatının Atalar sözləri toplusunda yaxşı bir məsəl var. Ümid edək ki, “Sabah” ötən mövsümlərdəki səhvlərə yol verməyəcək. Lakin hər şey buna doğru gedir.

Bənzər xəbərlər