“Sabah” – “Partizan”: Mətbuat konfranslarının vaxtı açıqlandı
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Msport.az xəbər verir ki, avqustun 9-da əvvəlcə Azərbaycan təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlər qarşısına çıxacaq. Tədbir saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə 17:50-də başlayacaq.
Rəqib komandanın mətbuat konfransı isə 19:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) bundan yarım saat sonra olacaq.
Hər iki mətbuat konfransı və açıq məşq matçın oynanılacağı “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da start götürəcək.







