Şahmat millilərimiz olimpiadada mübarizəyə başlayırlar
Azərbaycan milli komandaları Macarıstanın paytaxtı Budapeştdə start götürən Ümumdünya Şahmat Olimpiadasında bu gün mübarizəyə başlayacaqlar.
Msport.az xəbər verir ki, ilk turda kişi şahmatçılardan ibarət kollektiv İordaniya ilə qarşılaşacaq. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək.
Qadınlardan ibarət komanda isə Nikaraqua seçməsini sınağa çəkəcək. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.