featured-image-15854

“Nant”ın evdə bu cür aqressiv oynayacağı və bu matçın onlar üçün final xarakteri daşıdığı əvvəldən bilinirdi. “Qarabağ” isə səfərdən ən azı heç-heçə ilə qayıtmaq istəyirdi. Bu baxımdan görüş gözlənilən kimi başladı”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq qapıçısı Fərhad Vəliyev Ağdam klubunun Fransada “Nant”a 1:2 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.

Veteran qolkiper matçın gərgin, sürətli və maraqlı alındığını bildirib: “Hər iki komandanın ifasında maraqlı görüş izlədik. “Qarabağ”ın ilk hissədə hesabı açacağını gözləyirdik. Yaxşı epizodlar yaxaladı, amma yararlana bilmədi. Əvəzində isə 1 səhv komandanın geri düşməsinə səbəb oldu. Ağdam klubu ikinci hissədə hücumların kəsərini artırmaqla, hesabı bərabərləşdirdi. Bundan sonra “Nant” bütün qüvvəsi ilə “Qarabağ”ı tam olaraq müdafiədə oturmağa məcbur etdi və sonda qələbə topunu vurdu”.

O, “köhlən atlar”ın qapıçısı Şahruddin Məhəmmədəliyev buraxılan ilk qoldan öncəki kobud səhvinə də toxunub: “Belə oyunlarda səhvləri minimuma endirmək lazımdır. Çünki avrokubok matçlarında bu cür səhvləri bağışlamırlar. Dünənki oyunda da belə oldu. Amma ümumilikdə “Qarabağ” yaxşı oyun sərgilədi. İstifadə edə bilmədiyi qol epizodları var idi. Sadəcə, son nöqtəni qoymaq mümkün olmadı”.

Vəliyevin sözlərinə görə, həmkarı hazırda həm “Qarabağ”ın, həm də Azərbaycan millisinin 1 nömrəsidir: “İddialı və özünə inanan qapıçıdır. Oyunlarda da bunun şahidi oluruq. Heç bir qolkiper səhvdən sığortalanmayıb. Səhvlərini minimuma endirsə, yaxşı olar. Amma onun qazanılan xallarda da böyük rolu var. Qarşıda daha bir matç var. Həmin görüşdə yaxşı oyun göstərib azarkeşləri sevindirəcəklərinə inanıram”.

Keçmiş qapıçı məğlubiyyətin hələ son olmadığını vurğulayıb: “Düzdür, rəqib bu qələbə ilə iddiasını ortaya qoydu. Şanslar son tura qaldı. Axırıncı turda bizi gərgin və maraqlı oyunlar gözləyir. “Frayburq” lider kimi 1/8 finala yüksəlib. İkinci yer uğrunda mübarizə gərgin olacaq. Hələ heç nə itirilməyib. “Qarabağ” evdə qələbə qazanıb, 2-ci yerlə mərhələ adlayacaq”.Şahruddin tam “Qarabağ”ın oyununa uyğun, ayaqlarına hakim qapıçıdır. Tez qərar verə bilir. Hər bir qolkiperin səhvləri olur. Şahruddin “Qarabağ”a layiq qapıçıdır. O, bütün oyunları avrokuboklarda keçirir. Cəmi 2-3 çempionat matçında meydana çıxıb. Bu, onun performansına təsir edə bilər. Düşünürəm ki, oyun praktikası artdıqca, bu səhvləri aradan qaldıracaq”.

Bənzər xəbərlər