featured-image-6713

“Şamaxı”da rəhbər dəyişikliyi baş verdikdən sonra hadisələrin müsbət axarda cərəyan edəcəyini gözləyirdik. Hər halda futbol kuluarlarında gəzən söz-söhbət belə idi ki, klubun yeni sponsoru iddialıdır, komanda yüksək yerlər uğrunda oynayacaq və s. Amma təhvil-təslim prosesindən sonrakı ilk günlər tam əksini göstərir.

Baş məşqçi postu gənc Cavid Hüseynova tapşırldı, onun isə bu, Premyer Liqada ilk təcrübəsi olacaq. Ötən mövsümkü heyətdən “Şamaxı”da demək olar, heç kim qalmayıb. Hüseynova isə daha çox yerli və gənc futbolçuların üstünlük təşkil edəcəyi komanda yığmağı tapşırıblar. Lakin iş orasındadır ki, yerli  oyunçular artıq hamısı özün klub tapıb və boşda demək olar heç kim qalmayıb. Yeni mövsümdən legioner limitinin 7+4 olacağını nəzərə alsaq, deməli, klublar daha çox əcnəbilərə “stavka” etməli olacaqlar. “Şamaxı” isə ancaq təcrübəsiz yerli futbolçuların ümidinə qalsa, faciəvi hesabları indidən təxmin etmək çətin deyil.

“Şamaxı”nın digər problemi rəhbərliklə bağlıdır. On gündən çox vaxt keçsə də, klubda önəmli postları kimlərin tutacağı barədə rəsmi açıqlama verilməyib. Düzdür, bilinir ki, yeni menecer Kamran İsmayılovdur və o, təhvil-təslim işlərində də iştirak edib. Bundan başqa, hüquqşünas Elçin Usubun “Şamaxı”da əsas şəxlərdən biri olacağı da heç kimdə şübhə doğurmur. Hüquqşünaslar arasında təşkil edilən dünya çempionatının bürünc medalçısı “Advokat” komandasının rəhbəri olan Elçin bəy Ramiz Mirzəyevin dövründə AFFA-da da işləyib. İndi onun hər kəliməsi, açıqlaması Şamaxı sakinləri, klubun azarkeşləri üçün göydəndüşmə olar. Onlar da komandalarının taleyi ilə bağlı ciddi narahatlıq keçirirlər. Amma nə Elçin Usub, nə də Kamran İsmayılov mətbuatda “Şamaxı” ilə bağlı sualları cavablandırmaq istəmirlər. Nədir bu məxfilik, mətbuatdan qaçmaq? Halbuki Elçin bəy “Advokat” komandası ilə bağlı məsələlər zamanı mediada böyük həvəslə danışırdı. Adətən hər hansı kluba yeni rəhbərlik gələndə bu, müxtəlif vasitələrlə təbliğ edilər, mətbuat konfransı keçirilər, təqdimat olar. “Şamaxı” rəsmiləri isə sanki partizan hərəkatındadırlar, hər şeyi gizli saxlamağa çalışır, “heç kim heç nə bilməməlidir” prinsipi ilə fəaliyyət göstərirlər.

Görünən budur ki, “Şamaxı” gələn mövsümün ən zəif komandası olacaq. Çətin ki, Cavid Hüseynov da orda çox davam gətirsin. Böyükhesablı məğlubiyyətlərdən sonra o, özü başını tutub getməsə, yaxşıdr.

 

Bənzər xəbərlər