"Şamaxı"nın marketinq siyasəti, yoxsa diletantlıq? - FOTO
“Şamaxı”da rəhbər dəyişikliyi baş verdikdən sonra klub hər həftə bir hadisə ilə medianın diqqət mərkəzinə düşür. Klubun son bəyanatı da ortaya xeyli suallar qoydu. Deməli komandanı formalaşdıran, futbolçularla danışıq aparan Cavid Hüseynov olsa da, onun Pro kateqoriyası yoxdur deyə, baş məşqçi kimi Vüqar Əsgərlinin adı göstərilir. Əsgərli də sportal.az-a müsahibəsində formal baş məşqçi olmadığını bildirdi. Amma hər kəsə çoxdan bəllidir ki, Hüseynov xeyli vaxtdır ki, “Şamaxı”nın yeni heyətinin qurulması üçün işlər görür. Qızlardan ibarət U-19 yığmasının da baş məşqçisi olan Əsgərlinin oradakı fəaliyyətinin davam etdirib- etdirməyəcəyi də hələ bəlli deyil.
Bu o yana qalsın, maraqlı məsələlərdən biri də Rüstəm Əliyevlə bağlıdır. Bu yaxınlara qədər hələ də özünü “Şamaxı”nın baş məşqçisi sayan Əliyev Əsgərlinin köməkçilərindən biri kimi təqdim olunur. Görünən odur ki, Əliyevi razı salmaq üçün klub rəhbərliyi bu yola əl atıb. Çünki Zaur Axundovun dövründə onunla yeni müqavilə bağlanmışdı. Yeni rəhbərlik ya kompensasiya verməli idi, ya da hansısa vasitə ilə gənc məşqçini razı salmalıydılar. Görünür, köməkçi məşqçi ştatı hər iki tərəfi razı salıb.
Bu gün “Şamaxı” yeni mövsümə hazırlıqla bağlı ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-ağlar” öz meydanında “Turan Tovuz”la qarşılaşacaqlar. Burada əlbəttə ki, qeyri-adi heç nə yoxdur. Bütün klublarımız kimi “Şamaxı” da təlim-məşq toplanışında sınaq matçları keçirə bilər. Sadəcə sosial şəbəkələrdə paylaşılmış oyunun afişasının fotosu diqqətimizi cəlb etdi. Məlum oldu ki, “Şamaxı” Tovuz komandası ilə sparinqə girişi pullu edib və 3 manata bilet satır. Klubun rəsmi səhifəsində analoji paylaşım yox idi deyə, bir az ehtiyat etdik ki, bəlkə bu, kiminsə yaradıcılığının məhsuludur – ortaya belə bir fotomontaj çıxarıb. Amma afişanın üzərindəki nömrəni yoxladıqda məlum oldu ki, telefon Şamaxı rayon İcra Hakimiyyətində və klubda işləyən İlqar Novruzova (Şirvani) məxsusdur.
Əslində klub öz yoxlama oyunu üçün bilet də sata bilər, lazım gəlsə, canlı yayım da edər. Dünya praktikasında bu, adi haldır. Və əksər klublar da məhz belə edir. Lakin ortada Azərbaycan reallığı var. Təsəvvür edin ki, “Zirə”nin Konfrans Liqasında “Makkabi Tel Əviv”lə oyununa biletlər 2 manatdan başlayır. Və hələ “Zirə”nin “Dalğa Arena”nın neçə faizini dolduracağı sual altındadır. Bəs kimdir ilin-günün bu vaxtında Şamaxıda “Turan Tovuz”la yoxlama görüşünə 3 manata bilet alan? Yeri gəlmişkən, stadion Şamaxı bazarının yaxınlığında yerləşir və orada 2 manatı olmadığı üçün çayxanada otura bilməyən nə qədər desən adam var.