"Şamaxı" qış yuxusunda" - Klubun yeni rəhbəri kim olacaq?
AFFA İcraiyyə Komitəsinin iclasından artıq 13 gün keçir. Toplantıda legioner limiti, əvəzetmə sayı ilə bağlı qərarlar verilsə də, ən çox yadda qalan Zaur Axundovun “Şamaxı” klubunun Müşahidə Şurasının sədri vəzifəsindən istefa verməsi oldu.
O vaxtdan “Şamaxı”nın yeni rəhbərinin kim olacağı ilə bağlı müxtəlif versiyalar səslənsə də, hələ ki ortada heç nə yoxdur. “Şamaxı” mövsüm başa çatdıqdan sonra əməli işə girişdi, bəzi futbolçularla müqavilənin müddəti uzadıldı, bəziləri ilə danışıqlar aparılırdı. Ancaq Axundovun klubdan getməsindən sonra bütün prosses dondurulub.
Baş məşqçi Rüstəm Əliyev komandada qalıb-qalmayacağını bilmədiyindən heyəti qura bilmir, inzibati işçilər də gözləmə durumundadırlar. “ASK Arena”nın aqibətinin necə olacağı da maraqlıdır. Bir müddət öncə “Sabah”ın bu stadionu uzun müddətə icarəyə götürəcəyinə dair xəbərlər dolaşırdı. Amma sonradan məsələdə hansısa problemlərin ortaya çıxdığı deyildi.
Bütün klubların planları bəllidir, hamı transfer bazarında fəaldır. “Şamaxı” isə qış yuxusuna gedib.