featured-image-24722

Uzun fasilədən sonra ilk dəfə olaraq Azərbaycan çempionatında idman prinsiplərinə əməl oluna bilər AFFA-nın baş katibi bir neçə dəfə demişdi, İcaraiyyə Komitəsinin son iclasından sonra yenə təkrar etdi ki, Premyer Liqada sonuncu yeri tutan komanda elitanı tərk edəcək. Diviziondan isə bir klub yüksək liqaya yüksələcək.

Çoxdandır belə şeyi unutmuşduq. Hər il eyni komandalar mübarizə aparırdı və güclülər dəstəsindən heç bir klub aşağı düşmürdü. Azərbaycan çempionatı NBA-nı xatırladırdı. Ümid edək ki, son anda yenə də AFFA rəhbərliyinin fikiri dəyişməz. Çünki əvəllər bir neçə dəfə I dəstədən gələn komanda lisenziyalaşdırma şərtlərinə cavab vermədiyi üçün önündə “qırmızı işıq” yanıb.

Bu mövsüm Premyer Liqanın alt sıralarında olan komandalar arasında daha maraqlı mübarizə gedir. Sərxan Hacıyevin sözlərindən sonra isə autsayderləri ölüm-qalım savaşı gözləyir. Təəssüf ki, yenə də idman prinsiplərinin pozulmasını, 10 komandanın elitada qalmasını istəyənlər var. “Sumqayıt”ın baş məşqçisi Samir Abasov kimi.

O, “Futbol+”a müsahibəsində “kimisə elitadan aşağı salmaq məntiqsiz addımdır” deyib. Əvvəla aşağı salmırlar, axrıncı yeri tutan komanda özü düşür. İkinci isə deyəsən, Abasovu indidən əsməcə tutub ki, birdən “Sumqayıt” sonuncu olar. Təsəvvür edin, şəhərdə yeni, müasir stadion tikilir və həmin il komanda diviziona yuvarlanır. Təbii ki, bunun cəzası ağır ola bilər. Həm Abasova, həm də klubun prezidenti Riad Rəfiyevə.

Abasov şəxsi maraqları naminə, idman prinsiplərinə tüpürməkdən ayıb etmir. Onun arqumenti ondan ibarətdir ki, elitanı tərk edən komandanın sponsorları çəkiləcək. Onsuz da “Sumqayıt” indi də SOCAR-AFFA-nın hesabına maliyyələşir, aşağı liqaya düşsə də, pul ordan gələcək. Az, ya çox bu artıq başqa mövzudur.

Samir müəllim sual verir ki, “bu vaxta kimi niyə bu məsələ aktual deyildi? Bu günə kimi heç bir klub elitanı tərk etməmişdi ki, heç kim də heç nə demirdi. İndə nə dəyişdi”? Belə çıxır ki, bu vaxta qədər səhvə yol verilibsə, yenə təkrar olunmalıdır? Bəs hara getdi, haqq-ədalət?

Abasov “Sumqayıt”ın Premyer Liqada qalmasını təminat altına almaq üçün təklif də verir – “komanda sayını artıraq”. Hamam yaxşıdır, bəs hamam pulunu kim verəcək? Onsuz da klubların 90 faizi dövlətin, SOCAR-ın üzərində yükdürlər. Hələ bir neçə komanda gəlsin, onlara da maliyyə ayrılsın? Görəsən, “Sumqayıt” indi turnir cədvəlində 4-5-ci pillədə olsaydı, Abasov yenə eyni sözləri deyərdi? Ay-hay.

Belə açıqlamalar verməkdənsə, daha yaxşı hazırlaşıb, döyüşüb sonuncu olmamağa çalışmaq lazımdır. Hələ çempionatın başa çatmasına 11 tur var.

AYXAN 

Bənzər xəbərlər