"Səbail"sayağı "peşəkarlıq"
Dünən məlum oldu ki, “Səbail” icraçı direktoru Fərəc Əliyevlə yollarını ayırıb. Daha doğrusu klubun rəsmi səhifəsinin yazdığına görə, Müşahidə Şurasının (MŞ) iclasında F.Əliyev dözməyib, deyib ki, “klub uğursuz çıxış edibsə, mən istefa verməliyəm”.
İnandız belə bir şeyin ola biləcəyinə? Hamı bilir ki, bizdə işdən qovulan adama da xala-xətrin qalmasın deyə, “qarşılıqlı razılıq əsasında yollar ayrılıb” yazılır. Böyük ehtimalla, “Səbail”də də belə olub. Nə isə, sözüm onda yox, məsələnin ən maraqlı tərəfi açıqlamanın son hissəsidir.
Deməli, MŞ-ı icraçı direktorun istefasını qəbul edir və elə ordaca qərar verir ki, yeni təyinata qədər vəzifənin icrası müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilsin. Hətta bununla bağlı qarşılıqlı razılıq da əldə olunur. Adamı bir günün içində, bir iclasda həm işdən çıxarırlar, istefasına “ok” verirlər, həm də təzədən ona bu vəzifəni tapşırırlar. Lətifə kimi əhvalatdır, vallah. Elə bil, Fərəc Əliyev uranın zənginləşdirilməsi üzrə nadir mütəxəssislərdən biridir, o, getsə, yerinə adam tapılmayacaq. Hələ bir müddət də qalıb yerinə gələn adama uranın özəllikləri barədə təlim keçməlidir.
Əslində “Səbail”dən başqa nə gözləmək olardı ki? Bu həmin klubdur ki, Qoba Zakpa Tovuzda qol vurub əlini bir yerinə atandan sonra xanım mətbuat katibini irəli verdilər ki, çıxıb desin, “futbolçu uğursuz alt paltarını düzəldirdi”.
AYXAN







