featured-image-18237

“Sabah” – “Şamaxı” oyunu 16-cı turun ən maraqlı görüşlərindən oldu. Heç kimin ağlına da gəlməzdi ki, heyəti ancaq yerli futbolçulardan qurulmuş əyalət klubu favoritlərdən birini səfərdə büdrədə biləcək. Düzdür, Murad Musayevin komandasının qol vəziyyətləri çox oldu. Zatən belə də olmalı idi. Lakin “Şamaxı” sonadək döyüşərək Masazırdan 1 xal apara bildi.

Oyunun ən maraqlı anlarından biri isə meydan sahiblərinin futbolçusu Kristian Sebalyosa göstərilən qırmızı vərəqə oldu. CBC Sport-un kameraları həmin anı qeydə aldıqlarından hər şey yaxşı görünür. Küncdən zərbə zamanı “Şamaxı”nın cərimə meydançasında mövqe mübarizəsi gedir. Bu zaman qonaqların hücumçusu Kamran Quliyev Sebalyosu tutmağa çalışır. Yeri gəlmişkən, Quliyev “Sabah”ın oyunçusudur və “Şamaxı”da icarə əsasında çıxış edir. Yəni ötən mövsüm Kamranla Sebalyos bir komandada idilər, bir yerdə məşq edirdilər, bir yerdə yemək yeyirdilər. Nə isə, sözüm onda yox. Kamranla Sebalyosun adi, sakit dialoqu və ispaniyalı futbolçu sillə ilə keçmiş komanda yoldaşını yerə sərir. Bunun bir adı var, harınlamaq.

Görünür, “Sabah”ın ayına 15 min dollar verməsi Sebalyosu əməlli-başlı özündən çıxarıb, gözü ayağının altını görmür. Çox maraqlıdır ki,  ispaniyalı vinger mövsümün əksər hissəsini zədəli olur.  Onun statistikasına baxsaq, cari çempionatda heç bir matçda 90 dəqiqə oynamayıb.

Maraqlıdır ki, dəmir intizam tərəfdarı olan Murad Musayev “Şamaxı” ilə görüşdən sonra Sebalyosa hansı cəzanı verəcək və ya veribmi? Yaxud “Sabah” rəhbərliyi bu futbolçunu yerinə otuzdurub başa salacaqmı ki, “ay bala, belə tirpaşlıq lazım deyil. Kamran gələn il də qayıda bilər “Sabah”a. Yenə komanda yoldaşı ola bilərsiz. Nə olub, niyə özündən çıxmısan”?

AYXAN 

Bənzər xəbərlər