featured-image-4752

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.

Msport.az xəbər verir ki, Məmmədyarov 1-ci turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb. Məmmədyarov ikinci görüşdə bu rəqibinə qalib gəlib. O, 36-cı gedişdə Tarini təslim olmağa məcbur edib.

Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

Yeri gəlmişkən, Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. İlk “10-luq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb. Şəhriyar Məmmədyarov 2751 xalla 7 pillə geriləyərək, 14-cü sırada qərarlaşıb. 2753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub. Qədir Hüseynov (2668) 78-ci, Rauf Məmmədov (2656) isə 88-ci sıraya enib.

Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzca (2793) 3-cü sırada yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) 26-cı, Gövhər Beydullayeva (2390) 59-cu sıraya yüksəlib. Gülnar Məmmədova (2380) 68-ci pilləyə enib. Xanım Balacayeva isə ilk “100-lüy”ü tərk edib.

Bənzər xəbərlər