Skaloniyə yeni müqavilə təklifi
Argentina Futbol Assosiasiyası yığma komandanın baş məşqçisi Lionel Skaloniyə müqaviləni yeniləməyi təklif edib.
Msport.az xəbər verir ki, Argentinanın ali futbol qurumu 48 yaşlı mütəxəssisin komandanı 2028-ci il Kopa Amerikasına aparmasını istəyir. Əməkdaşlığın 2030-cu il dünya çempionatına qədər uzadılması variantı da planlaşdırılır.
Argentina yığmasının Skaloninin rəhbərliyi altındakı gələcəyi ilə bağlı yekun qərar məşqçinin özündən asılı olduğu qeyd edilir.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ilin avqustunda “albiseleste”nin baş məşqçisi vəzifəsinə təyin edilib. Həmin vaxtdan bəri komanda bu məşqçinin rəhbərliyi altında 104 matça çıxıb (80 qələbə, 14 heç-heçə, 10 məğlubiyyət).
Skaloninin sükanı arxasında olduğu müddətdə Argentina millisi 2022-ci ildə dünya çempionu olub, iki dəfə ardıcıl Amerika Kubokunu (2021, 2024-cü illər) qazanıb və 2026-cı il dünya çempionatının finalına yüksələrək orada İspaniya yığmasına uduzub (0:1).







