SSKA azarkeşləri "Qarabağ"la oyuna buraxılacaqmı? - UEFA araşdırmaya başladı
UEFA Bolqarıstanın SSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb.
Msport.az xəbər verir ki, bu səbəbdən “Qarabağ”la səfər matçına bilet satışı dayandırılıb.
Buna səbəb Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə səfər matçı zamanı yaşanan hadisələr in olub. Həmin oyunda SSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun dayandırılmalı olub.
Klubun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna SSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.
Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
“Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin “Derri” klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək”.
SSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.
Qeyd edək ki, “Qarabağ” – SSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.







