featured-image-18015

Çempionatın aşkar autsayderi “Sumqayıt” ciddi problemlər məngənəsindədir. Klubun prezidenti Riad Rəfiyevlə baş məşqçi Samir Abasovun münasibətlərinin pozulması komandadaxili ab-havaya da təsir göstərir. Dəfələrlə müsahibələrində indiki heyətlə böhrandan çıxmağın çətin olduğunu vurğulayan Abasov artıq bəzi futbolçuları göndərməyə nail olub. Belə ki, Oure-Nil Ture və Araz Abdullayevlə müqavilənin qarşılıqlı razılıq əsasında pozulması məhz baş məşqçinin istəyi ilə reallaşıb. Maraqlıdır ki, klubun rəsmi saytında bununla bağlı hələ də xəbər yerləşdirilməyib.

Rəfiyevlə Abasovun münasibətlərinin korlanması məhz heyətdən göndərilən oyunçularla bağlıdır. Klub prezidenti baş məşqçidən hazırkı heyətlə müabarizə aparıb, son pillədən qurtulmağı tələb edir. İşlədiyi hər yerdə rəhbərliklə problemləri yaranan Samir bəysə bununla razılaşmır. Onun fikrincə, “Sumqayıt”dakı legionerlər yararsızdır və onlarla hansısa məqsədə çatmaq mümkün deyil.

Qeyd edək ki, komandadan qovulan Araz Abdullayev əksər hallarda məhz Rəfiyevin vasitəçiliyi ilə ölkə xaricinə yollanıb. Yarımmüdafiəçinin Yunanıstana eləcə də Kiprə getməsində prezident-menecerin rolu olub. Ümumiyyətlə, “Sumqayıt”a dəvət olunan əksər legionerlər məhz Rəfiyevin əməyinin məhsuludur.

“Sumqayıt”da son olaraq Damian Daniçiç də əvəzedici heyətə göndərilib. 22 yaşlı futbolçu “Futbolinfo”ya açıqlamasında bildirib ki, ona ya başqa komanda tapmaq, ya da əvəzedici heyətdə oynamaqla bağlı ultimatum verilib. Daniçiçin 2025-ci ilə kimi müqaviləsi var. Serbiyalı müdafiəçi ilə bu cür uzunmüddətli müqavilə bağlanmasının tərəfdarı da Rəfiyev olub. Daniçiç müqavilənin pozulması üçün 2 aylıq maaşını istəsə də, ona “yox” cavabı verilib.

Ümumiyyətlə, “Sumqayıt”da olan əcnəbilərdən Stiven Pereyra, Todor Todoroski və Felipe Çabi ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb.

Bu gedişlə, Rəfiyevlə Abasov arasında biz hələ çox mübahisələrin yarandığı haqda xəbərləri eşidəcəyik. Samir bəy “Sumqayıt”a ikinci qayıdışında onun qarşısına mətbuata açıqlamalarında ehtiyatlı olmağı, klubun əlehinə danışmamağı tələb kimi qoyublar. Amma baş məşqçi imkan düşən kimi heyətdəki futbolçuların səviyyəsindən narazılıq edir və qışı gözlədiyini deyir. Belə gedişlə, “Sumqayıt” qışda çox transfer edə bilməyəcək.

Olan isə azarkeşlərə olur. “Sumqayıt” 9-cu pillədəki “Kəpəz”dən 4 xal geri qalır və sonuncu pillədən qurtulmaqda çətinlik çəkir.

AYXAN 

Bənzər xəbərlər