Suraxanıda "İnqilab" - Hakimlər niyə sürətli oyunlarda çatdırmırlar?
Dünən “Qarabağ” – “Sabah” matçında (4:3) Avropa futbolu adına hər şey var idi. Yeddi qol, 2 penalti, qırmızı vərəqə, sürətli oyun, dirəkdən qayıdan top. Qurban Qurbanov heyətdə rotasiya edərək “Frayburq”la görüşdə meydana çıxan futbolçuların əksəriyyətinə istirahət vermişdi. Yalnız Bəhlul Mustafazadə ilə Qara Qarayev ilk dəqiqələrdən şans əldə etmişdilər. “Sabah” üçün bundan yaxşı fürsət ola bilməzdi. Yorğun, meydana ikinci heyətlə çıxan rəqibdən xal almaq baxımından əlverişli məqam idi. Murad Musayevin komandasına həqiqətən alqış düşür. Qonaqlar 43-cü dəqiqədə meydanda azlıqda qalsalar da, nəinki təslim olmadılar, əksinə 2 qol vuraraq hesabda önə keçdilər.
Hərdən adama elə gəlirdi ki, Azərbaycan yox, Niderland, Rusiya, Belçika çempionatı səviyyəsində oyun izləyirsən. Yalnız stadionun 3 tribunalı olması, çəkiliş olan istiqamətdən ehtiyat meydançanın görünməsi və azarkeşlərin arenanı doldurmaması bizi xəyallardan ayırırdı ki, bura Antverpen, Utrext, Piter yox, Suraxanıdır. Amma digər aspektlərdə qarşılaşma adını çəkdiyim ölkələrin liqalarından heç nə ilə geri qalmırdı. Təsadüfi deyil ki, matçdan sonra Qurban Qurbanov da “gərginliyin bəzi Avropa oyunlarından çox olduğunu, əsl mübarizə, əsl futbol izlədiyimizi” dedi.
Amma təəssüf ki, hakimlər briqadası bu sürətə, bu mübarizəyə, bir sözlə, Avropa səviyyəli oyuna hazır deyildilər. Kadinin cərimə meydançasında yıxılıb penalti qazandığı hücumun bir qədər əvvəlində top “Qarabağ”ın futbolçusundan meydanı tərk etsə də, laysman Namik Hüseynov Ağdam klubunun xeyrinə aut verir. Dünən yəqin ki, sosial şəbəkələrdə həmin kadrı dəfələrlə izlədiz. Burda necə səhv etmək olar? Maraqlıdır ki, Hüseynov Kadini topu yan xəttdən oyuna tez daxil etməsi üçün tələsdirir. Halbuki adətən hesabda irəlidə olan komandanın futbolçusunu tələsdirirlər ki, vaxtı uzatmasın. 90+2-ci dəqiqədə İrasabalın cərimə meydançasında Kadiyə qarşı qaydanı pozub-pozmaması da mübahisəlidir. Çünki görünən odur ki, “Sabah”ın müdafiəçisi orada ayağını çəkir, Kadi isə özünü atır.
Onsuz da “Qarabağ”ın Azərbaycan Premyer Liqasında bütün rəqiblərindən güclü olması heç kimdə şübhə doğurmur. Qurban Qurbanovun komandasının bu cür şübhəli qərarlara ehtiyacı yoxudur. Ağdam klubu istənilən matçı çevirməyə qadirdir.
Fikir verirsinizsə, VAR gələndən Premyer Liqada problemlər heç də azalmayıb. “Qəbələ” – “Sabah” oyununda (0:2) top Abdullaye Banın əlinə dəysə də, Əliyar Ağayev penalti nöqtəsini göstərmədi. Ötən tur “Sabah” – “Səbail” görüşündə (0:0) qonaqların futbolçusuna qarşı cərimə meydançasında kobudluq olsa da, Nicat İsmayıllı “davam” işarəsi verdi. İndi də Suraxanıda baş verən “İnqilab”.
Görünən odur ki, VAR hakimlərin məsuliyyətini artırmaq əvəzinə, onları daha da rahatlaşdırıb, arxayınlaşdırıb. Bir sözlə, dünən Avropa səviyyəli futboldan sonadək həzz almaq bizə nəsib olmadı. Hakimlərin “sayəsində”.
CAVAD