featured-image-18326

Neftçi”nin Müşahidə Şurasında rəhbər və heyət dəyişikliyi ilə bağlı verilən qərar klubda yeni dönəmin başlandığına işarədir”.

Bunu Msport.az saytına açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov “Neftçi”dəki son dəyişikliklər barədə danışarkən deyib.
O bildirib ki, hələlik futbol ictimaiyyətinə rəsmi və dolğun informasiyanın verilmədiyinə, təqdimatın olmadığına görə atılan addımların səbəbləri, məqsəd və məramları ilə bağlı fərqli, pərakəndə fikirlər səsləndirilir:

“Əsas diqqəti çəkən məqam yeni heyətin tərkibidir və baş sponsor SOCAR-ın prezidenti Rövşən Nəcəfin birbaşa quruma rəhbərlik etməsidir. Bu dəyişiklik, əvvəllər böyük ölçüdə Müşahidə Şurasının formal xarakter daşımasının mahiyyətini dəyişir, çəkisini, təsir qüvvəsini artırır”.

“Neftçi”nin sabiq vitse-prezidentinin sözlərinə görə, flaqman 7-8 ildə çökdürülüb, bütün lider mövqelərini itirib: “Bunun əsas səbəbkarları şurada strateji olaraq kluba nəzarət edənlər, səlahiyyət sahibi olanlar və əsasən də faktiki “Neftçi”ni daxildə daimi idarə edən rəhbər heyətdir. Artıq müxtəlif obyektiv, subyektiv fikirlər səsləndirilir, yayındırıcı manevrlər edilir, “günahkar” axtarışına çıxılır, komandanın nəticələri yaddan çıxıb, vəzifələrin qorunması yolunda hər addım atılır. “Məşqçi, futbolçu günahkardır”, “pul yoxdur” bəhanələri yenə gündəmi zəbt edib”.

Süleymanov “Neftçi”nin Azərbaycan şərtlərinə uyğun heç bir maliyyə probleminin olmadığını söyləyib: “Futbol adına düzgün işlərin görülməsi təqdirində nailiyyətlərin qazanılması problem deyil. Hər bir klubun uğurları tək maliyyədən asılı deyil, peşəkar işin qurulması, iddiaya uyğun cəsarət, qəti addımların atılması önəmlidir. Klub/komandaya məşqçi, futbolçuların seçimlərini edən idarəçi-rəhbər heyətdir. Klubun gələcəyi, nəticələri strateji bacarıqdan, düşünən beyinlərdən asılıdır! Bu illər ərzində 10 milyonlarla dəyəri ölçülən və “Neftçi”yə gətirilən saysız-hesabsız məşqçilər, futbolçular, eyni zamanda rəhbər heyət ciddi araşdırılmalı, klubun gələcəyi naminə addımlar atılmalıdır. Eyforiya olmamalıdır, “Neftçi” bataqlığa sürüklənib və dirçəlişi radikal, operativ, qətiyyətli, düşünülmüş, zərgər dəqiqliyi tələb edir. Yeni Müşahidə Şurasının məsuliyyəti bu işlərlə bağlı çox böyük olacaq və azarkeşlərin onlara olan tələbi günü-gündən artacaq. “Neftçi” öz nüfuzunu, geri qaytarmalıdır, illər itirilib, vaxt isə yoxdur”!

Ekspert klubun vitse-prezidenti Elnur Eyvazovun vəzifəsindən ayrıldığı barədə xəbərlərə də toxcunub: “Müşahidə Şurasındakı dəyişiklər futbol ictimaiyyətinə sızdırıldı və sonra təsdiq edildisə, digər kadr yenilikləri, kim(lər)in getməsi ilə bağlı mətbuatda gedən məlumatlara klubdan rəsmi açıqlamalar, təsdiq, təkzib verilmədiyi üçün bu mövzuda fikir bildirməyimiz doğru olmaz. Doğru olan odur ki, “Neftçi”nin yenidən tarix yazması üçün klubda çox ciddi islahatlar aparılmalıdır”.

Bənzər xəbərlər