featured-image-24095

“Neftçi” və AZAL-ın sabiq məşqçisi Gəray Qarayevin Msport.az saytına müsahibəsi

– Bir neçə ay əvvəl şəkərli diabet xəstəliyinə görə ayağınız amputasiya edildi. Hazırda vəziyyətiniz necədir?
– Ümidsiz insan olmur. Müalicəm davam edir. İrəliləyiş var. İnşallah, bir azdan ayağa qalxaram.
AFFA-dan, işlədiyiniz klublardan maraqlananlar, əlaqə saxlayanlar varmı?
– Keçmiş iş yoldaşlarım daim maraqlanıblar, yanıma gəliblər. AFFA-dan Rüstəm Rəhimovla əlaqə saxladım. Söz verdi ki, mənə təqaüd veriləcək. Mən də ərizə yazıb  sənədləri milli assosiasiyaya göndərdim. Bilirsiniz ki, Firuz Abdulla mənim qardaşım oğludur. Mənə bildirdi ki, məsələyə AFFA-nın növbəti konfransında baxılmalıdır. Bu iki adamdan başqa futbol ictimaiyyətindən bir nəfər zəng edib halımı soruşmayıb. “Neftçi”də Novruz Əzimovla çalışmışam, bir də o zəng edib halımı soruşub. 13 aydır heç kimlə əlaqəm yoxdur. Futbolu, sosial şəbəkələri izləyirəm. Mənimlə bağlı bir sətir, bir hərf belə yoxdur. Bilirsiniz ki, əməliyyat, müalicə baha başa gəlir, hamısı puldur. Biz də tükənmişik. Pul qazanan vaxtım deyil. Axırıncı qəpiyimizə qədər xərclədik. Gileylənmirəm, bəlkə də sənədlərə baxıb təqaüd təyin edəcəklər. Amma mən belə gözləmirdim. Mən futboldan başqa heç bir sahədən pul qazanmamışam. 70 illik ömrümü futbola həsr etmişəm. Belə tez unudulmağımı, yada salınmamağımı həzm edə bilmirəm.
– Futboldan kənarda qalmaq necə təsir edir?
– Çox pis (kövrəlir). Danışa bilmirəm, qəhərlənirəm. Çünki hər şey gözlənilməz oldu. Bu yaşıma rəğmən meydana çıxıb tələbələrim, futbolçularımla oynayırdım. O dərəcədə sağlam idim. Xarici futbollara, dünya çempionatına baxıram. “Dünya komandalarının futbol statistikası” kitabı var, 500 səhifəlikdir, hazırda onu oxuyuram. Mənə pis təsir edir. Lap oxudum, nəsə öyrəndim. Harada tətbiq edəcəyəm? Bir ayağım yoxdur (ağlayır). Magistrlarım var, onların elmi rəhbəriyəm. Dissertasiya yazırlar, mən də məsləhət verir, kömək edirəm. Yalnız bununla təskinlik qazanıram (yenə kövrəlir). Amma şikəst bir adam bundan başqa nə edə bilər? Artıq fiziki imkanım məhduddur və bu, mənə pis təsir edir. Heç kimdən küsüb-incimirəm. Allahın işidir. Deyir ki, 70-ə kimi belə yaşamısan, bundan sonra da bu cür yaşa. Taleyimlə barışmağa məcburam.

Bundan sonra da nəzəri biliklərinizi insanlara çatdırmaqla Azərbaycan futboluna töhfə verə bilərsiniz…
– Gərək istifadə etsinlər. Məcbur kiməsə savad verə bilmərəm. Kim məsləhət istəsə, böyük məmnuniyyətlə verirəm. İndi də əlimdən kitab düşmür. Kimin üçün? Ölkəmin futbolu üçün. Komandalarımıza baxıram. Fiziki baxımdan ən öndə gedəni “Qarabağ”dır. O gün “Gent”ə məğlubiyyətini gördüm, pis oldum. Təsəvvür edin, 120 dəqiqəyə bir qol vura bilmədilər. Niyə? Səbəbini araşdıran, müzakirə edən varmı?

Bəs, siz necə düşünürsünüz? Səbəb nə oldu?
– Qurban Qurbanovu çox istəyirəm, tələbəm olub. Azərbaycan futbolunda böyük xidmətləri var. Liderdir, yaxşı məşqçidir. Problemi məndən daha yaxşı bilir. Amma kənardan onu gördüm ki, “Qarabağ”da hücum xətti yoxdur. Bakıda 1:0 hesabı ilə qalib gəldilər, amma Ramil Şeydayev penaltini vura bilmədi. Əslində vurmalı idi, Rusiya futbolunun yetirməsidir. Demirəm, hazırlıqsız idi. Dahi futbolçular da penaltini boşa veriblər. Məsələ ondadır ki, “Qarabağ” bu komandanı keçməli idi. Cavab oyununda hücum xəttini gücləndirməli idilər. Qara Qarayev aparıcı futbolçudur, zədə səbəbindən oynamadı. Riçard Almeyda yaxşı oyunçu idi, artıq vaxtı keçib. Milliyə də tükənəndən, fiziki hazırlığı aşağı düşəndən sonra çağırdılar. Bu cür futbolçularda beyin və ayaq eyni vaxtda işləməlidir. Almeyda kimi mükəmməl oyunçular hər zaman olmur. Lakin yığmaya gec gətirdilər. Zamanla heyəti dəyişmək, yeni futbolçular dəvət etmək lazımdır. Sevindirici haldır ki, Qurbanın oğlu Musa futbolçu oldu. Gələcəyi parlaq olsun. Amma bu dəqiqə avrokuboklarda start heyətində oynayacaq vəziyyətdə deyil. Sına bilər. Rəqib “Zirə” deyil ki, çıxıb 3 qol vursun. Qaşındakı komanda Belçika təmsilçisidir. Fikrimcə, Şeydayev və Qurbanlı bu gün beynəlxalq arena üçün hazır deyillər. Bu, mənim şəxsi fikrimdir, heç kim pis qəbul etməsin. “Gent”lə matçda da komandaya xeyir vermədilər.
– Kadi Borges və Kvabena Ovusu kimi futbolçular qış fasiləsində satıldı və əvəzində 3 yeni oyunçu alındı. Onlar isə tam hazır deyillər. “Gentlə oyun öncəsi daha hazır futbolçular almaq olmazdımı?
– Bilirsiniz, “Qarabağ” millimizin B komandasıdır. Ağdam klubu nə qədər güclü olsa, yığma da bir o qədər yaxşı çıxış edər. 10 ilə yaxındır avrokubokların qruplarında oynayırlar. Bu təcrübə ilə daha irəliyə getməli idilər. Komandada nəsil dəyişikliyinin proqramı, metodu olmalıdır. Məsələn, Musa Qurbanlını 3:0 hesabı ilə udduğun matçın 80-ci dəqiqəsində meydana burax, qoy, 10 dəqiqə oynasın. Yetişsin, təcrübə toplasın. Onu ilk dəqiqələrdən döyüşə atmaq oyunçunu sındıra bilər. Başa düşürəm, avrokubok təcrübəsi qazanması və böyük klubların diqqətini çəkməsi baxımından meydana çıxması önəmlidir. Amma Musanın bu oyununa heç bir təklif gəlməz. Reytinqi aşağı düşər. Qurbanovu anlayıram, bəlkə də seçimi yoxdur. Rəşad Sadıqovun gedişindən sonra müdafiçilər çox riskli oynayır. Komanda dəyişməlidir. Hər zaman bu klubun transfer siyasətinə hörmət etmişəm. Oyunçunu uzun müddət izləyib alırlar. Qurbanovun qardaşı Musa Qurbanov çox yaxşı seleksiyaçıdır, Anatoli Konkovun yanında işləyib öyrəndi. Yəqin ki, Qurbana məsləhət verir, kömək edir. Bu, çox gözəl haldır. Dediyim odur ki, “Qarabağ”ın seçimi hər zaman uğurlu olub. Məsələn, Riçard Almeydanı gətirdilər, uzun müddət komandaya faydası oldu. Yaxşı futbolçuları tapmaq, onları üzə çıxarmaq, ən əsası isə komandada saxlamaq çox çətindir. Bir ara “Neftçi” yaxşı heyət yığdı, ardıcıl çempion oldu, sonra komandanın yarısı çıxıb getdi. Halbuki avrokuboklara çıxan komanda heyəti gücləndirməli, ən azından qorumalıdır. Çünki beynəlxalq arenada “Turan Tovuz”a, “Şamaxı”ya qarşı oynamırsan.
“Neftçi”dən söz düşmüşkən, bu komandanın əvvəlki əzəməti qalmayıb. Bu mövsüm 2-ci yer də Bakı klubu üçün əlçatmaz görünür. Ümumiyyətlə, son illər “Neftçi”də nə baş verir?
– 1981-ci ildən 1986-cı ilədək “Neftçi”də işləmişəm. Həmin dövrdə “Neftçi”də 10 ilə bəlkə də 15 məşqçi dəyişdi. Hər biri özü ilə 30 oyunçu və köməkçilərini gətirirdi. “Neftçi” Azərbaycan futbolunun lideri, 1 nömrəli komandasıdır. Daim diqqət mərkəzində olub. Sıradan klub deyil. Son illərdə neçə-neçə idarəçi dəyişib, məşqçiləri hardan gəldi gətirirlər, yoxlamırlar. Bu gün klubda kifayət qədər qüsurlu idarəçilər var. Bacarığı olmayan insanlar komandanı idarə edirlər. Bu, elə də asan iş deyil. Burada futbolu bilən insanlar olmalıdır. Çingiz Abdullayev dünya səviyyəli yazıçıdır, gətirib klubun Müşahidə Şurasının sədri qoymuşdular. Elə bil “Neftçi”yə əsar yazmağa gəlmişdi. Prinsipləri bilmirsənsə, oyunçuları tanımırsansa, nə tapşırıq verə bilərsən. Yaxud da Bəhram Bağırzadə. Sən şoumensən, klubda nə işin var? Ona görə “Neftçi” bu gündədir. Komandanın adını, tarixini bərbad etdilər. Klubda əllər çox işləyir, kənardan müdaxilə çoxdur. Hamı özünü orada görmək istəyir. Deyirlər ki, Müşahidə Şurasında yaxşı maaş verirlər, mən də orada olmalıyam. Yadınızdadırsa, Çingi Abdullayev deyirdi ki, futbolçu 100 min alırsa, mən də almalıyam.
– Hazırda komandaya rumıniyalı Laurentsiu Regekampf başçılıq edir. Onunla bağlı fikirləriniz necədir?
– Hər zaman demişəm, indi də təkrarlayıram: Azərbaycan klublarında yerli məşqçilər işləməlidir. Çünki bizim mentalitetimiz Avropadakından fərqlənir. Qurban Qurbanov 15 ildən çoxdur “Qarabağ”da işləyir. Öz kitabımda da yazmışam ki, məşqçi bəzən kar, bəzən kor, bəzən də lal olmalıdır. Yəni, çox şeyi görə bilərsən, amma hər şeyi açıb ağartmamalısan. Məsələn, Əhməd Ələsgərovun yanında o qədər siqaret çəkn futbolçu var idi. Gözləyirdi, elə vaxtda deyirdi ki, oyunçu səhvini başa düşürdü. Qurban Qurbanov komandanı çox gözəl idarə edir. Bir dəfə istefa verdi, qəbul olunmadı. Komandanı idarə etmək elə-belə şey deyil. Bu gün futbolçu butslarını asan kimi məşqçiliyə başlayır. Düşünürlər ki, oyunçu vaxtı 100 min alırdım, indi 50 min qazanacağam. Bütün dünya məşqçiliyi Valeri Lobanovskidən öyrənib. Bizimkilər deyirlər ki, o kimdir, tanımırıq. Mən 51 yaşımda futbolçudan çox qaçırdım. İndi bunu kim edir?
Milli komanda barədə nə deyə bilərsiniz?
– Səmimi olaq, bizim yığmamız hansısa turnirdə qrupdan çıxmaq səviyyəsində deyil. Təsəvvür edin ki, Pelenin kapitanı olmuş Karlos Alberto Torres o vaxt gəlib Azərbaycan millisinin sükanı arxasına keçdi. O, yalnız Rəşad Sadıqova uzaq məsafədən zərbə vurmağı öyrtədi. Bir də futbolçuya başa saldı ki, sən oteldə qalmalısan, yataqxanada yox. Bu qədər pul almalısan. Futbolçunun statusunu qaldırdı. Göstərdi ki, oyunçu belə olmalıdır. Buna qədər bizim futbolçular bazarlıq etməyə pul tapmırdılar. Canni De Byazi pis məşqçi deyil. Amma o, nə etməlidir? Penaltini vura bilməyən futbolçuya zərbəni dəqiq endirməyi öyrədəcək? Milli son oyunlarda ardıcıl qələbələr qazandı. Bunun nə xeyri var? Hər kəs gücünü özündən daha yaxşılar üzərində qələbə qazanmaqla göstərir. Futbolda ən ciddi uğurumuz İsveçrəni udmağımızdır. Onda da oyuna Heydər Əliyev gəlmişdi. Gəlməsəydi, bəlkə onu da uduzacaqdıq. Bu gün Azərbaycan futbolunda bünövrə düzgün qurulmayıb. UEFA kursları vaxtı bir məşqi izlədim. Məşqçi futbolçuya qışqırırdı. Hazırlıq prosesindən sonra səbəbini soruşdüm. Dedi ki, Zidanın bir fintini öyrətmişəm, edə bilmir. Dünən məşqə gələn uşaq bunu necə etsin? Sən əvvəl əlifbanı öyrət, sonra nəsə tələb et. Azərbaycanda futbol məktəbləri bərbad gündədir. O vaxt Qəbələyə Əli Yavaşı gətirdilər. Kimi yetişdirdi? Futbolçu meydanda yatmalıdır ki, yetişsin, inkişaf etsin.

CAHİD

 

Bənzər xəbərlər