featured-image-11673

Ötən mövsüm Türkiyə I liqasında iki azərbaycanlı futbolçu – Namik Ələskərov və Vüsal İsgəndərli çıxış etsə də, hazırda orada bizimkilərdən heç kim yoxdur. Ələskərov aşağı dəstəyə yuvarlanan “Bursaspor”u “Sabah”a, Vüsal isə “Ankara Keçiörengücü”nü “Sumqayıt”a dəyişdi.

Amma sözügedən çempionatda vaxtilə yolu buralardan keçmiş oyunçular var.

2018-2021-ci illərdə “Qəbələ”nin formasını geyiniş Ceyms Adeniyi  mövsümün əvvəlində “Tuzlaspor”a keçdi. 29 yaşlı nigeriyalı hücumçunun “Makkabi Petax Tikva” komandasında karyerası elə də yaxşı alınmadı. O, İsrail çempionatında 32 matçda cəmi 3 dəfə fərqləndi. Adeniyi “Tuzlaspor”un heyətində 3 görüşdə meydana çıxsa da, hələ qol hesabını aça bilməyib.

O, “Qəbələ”də 57 oyunda 18 dəfə rəqib qapıçılarını məyus etmişdi.

Türkiyə I liqasındakı digər tanış sima isə Faruk Miyadır. 2018-də icarə əsasında “Səbail”də 13 oyunda 2 qol vurmuş uqandalı yarımmüdafiəçi iyulda “Rizespor”la müqavilə bağladı. O, bu ilin yanvarında “Lvov”la anlaşsa da, Ukraynada müharibə başladığından bu komandada debüt edə bilmədi.

Miya Türkiyədə bir neçə il “Konyaspor”un şərəfini qoruduğundan onun üçün bu ölkəyə uyğunlaşmaq çətin olmayacaq. Vaxtilə Belçikada “Standart”, “Muskron” kimi klublarda çıxış etmiş 24 yaşlı futbolçu Uqanda millisinin aparıcı üzvüdür. O, iyunda Əlcəzair və Nigerə qarşı Afrika Millətlər Liqasının oyunlarında komandasına kömək edib.

media-ade

Bənzər xəbərlər