featured-image-17803

“Şamaxıya üç xala görə gəlmişdik. Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat oynayırdıq, qol epizodları yaradırdıq. Amma bundan istifadə edə bilmirdik. İkinci hissədə də imkanlarımız var idi. Maraqlı, mübarizəli oyun getdi. Sona yaxın əsəblər tarıma çəkilmişdi. Bu gün bir xal qazandıq, iki xal da itirdik. Məğlub da ola bilərdik. Çünki “Şamaxı”nın qol şansları yaranmışdı. Oyunun taleyini ilk yarıda həll edə bilərdik. Əlimizdə olan futbolçulardan maksimum istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Tam heyətlə meydana çıxa bilmirik. Əvəzetmələrdə çətinlik çəkirik. Komandamın oyunu 70 dəqiqə məni razı saldı.  Hücumda yaratdığımız qol epizodları bəlkə də, çempionatda yaradılan ən çox qol epizodları idi. Bir xala və mübarizəyə görə, futbolçularıma təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 15-ci turunun “Şamaxı” (1:1) ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

– İkinci hissənin əvvəlində dünya futbolunda analoqu olmayan hadisə yaşandı. Mülki geyimli şəxs sizə tərəf yaxınlaşdı, texniki zonanı tərk edərək, gedib onunla görüşdünüz, sonradan yenidən qayıtdınız  ehtiyat skamyaya tərəf. Həmin şəxs kim idi?
– Yaxın insandı, futbol fanatıdır. Şamaxıda yaşayır. O, aşağıya düşüb ora qədər gəlibsə, görüşməliydim. “Şamaxı”ya da yaxın insandır.

– Fərid Nəbiyev bir epizodda Rəşad Əzizlini aldadaraq boş qapı ilə üzbəüz qaldı, amma simulyasiyaya görə hakim tərəfindən sarı vərəqə ilə cəzalandırıldı. Halbuki, topu boş qapıya göndərə bilərdi. Onunla bu barədə söhbətiniz oldu?
– Hələ futbolçu ilə o barədə söhbətimiz olmayıb. Oyunun təhlili olacaq, onda danışırıq. Futbolçunun meydanda hansı qərarı qəbul edəcəyini ona deyə bilmirik. Komandanı hazırlayıb meydana çıxarırıq. Elə epizodlar var ki, biz məşqçilər acizik. Futbolçular soyuqqanlı, rahat qərar verə bilmirsə…Bəli, Nəbiyevin epizodunda penaltidən söhbət gedə bilməzdi. Fasilədə epizodun təkrarına baxmışıq. Qapıçının ona təması yoxdur. Sarı vərəqə də düzgündür. Fərid nəyə görə belə qərar qəbul etdi, bilmirəm…İnsandır..Hər halda, hamısı oyunun təhlilində öz cavabını tapacaq.

– Giorgi Kantariyanı sona qədər meydanda niyə saxladınız?
– O mövqedə futbolçumuz yoxdur ki, Kantariyanı əvəzləyək. Giorginin meydanda olması, təcrübəsi bizə böyük üstünlük verir.

– Matçdan sonra futbolçular məşq etdi. Bu, cəza metodu idi?
– Xeyr, cəza deyildi. Sabah komanda üçün istirahət günüdür. Dekabrın 4-də “Sumqayıt”la oyunumuz olacaq. Oynamayan futbolçular məşq edirdi, digərləri üçün də bərpa məşqi idi. Yəni, yüngülvari məşq oldu. (Sportal.az)

Bənzər xəbərlər