featured-image-54157

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək. Olimpiadada kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.

Msport.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.

Kapitan Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yarışla bağlı qısa açıqlama verib: “Komanda olimpiadaya hazırlığı davam etdirir. Şahmatçılar yaxşı mübarizə nümayiş etdirməyə hədəflənib. Ümumdünya Şahmat Olimpiadası çətin yarışdı. Layiqli çıxış etməyə çalışacayıq”.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Mixail Şereşevski olimpiadayla bağlı fikirlərini bildirib: “Ümumdünya Şahmat Olimpiadası gərgin yarışlardan biridir. Reqlament hər tura ciddi yanaşmağa məcbur edir. Olimpiadada dünyanın ən güclü şahmat heyətləri mübarizə aparacaq. Biz də yaxşı çıxış etmək üçün çalışacayıq”.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.

Bənzər xəbərlər