featured-image-2595

“Turan Tovuz”un gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış etməsi heç kimdə şübhə doğurmur. Düzdür, hələ ki AFFA-nın bununla bağlı rəsmi qərarı olmayıb. Amma həm Elxan Məmmədov, həm də hazırkı baş katib Sərxan Hacıyev “Kəpəz” və “Turan Tovuz”u yüksək liqaya gəlməyə ən real namizəd sayırlar.

Tovuz komandasının icraçı direktoru Nadir Nəbiyev federasiya tərəfindən növbəti mövsüm üçün 500 min manat ayrılacağını bildirib. Veteran futbolçu bu məbləğlə elitada mübarizə aparmağın çətin olduğunu vurğulayaraq, tovuzlu iş adamlarından yardım gözlədiklərini söyləyib.

Msport.az xəbər verir ki, “Turan”ın sabiq prezidenti Vidadi Əhmədov bir neçə il öncə bununla bağlı AFFA-nın sabiq baş katibi Elxan Məmmədovla görüşübmüş:

“Tovuzdakı imkanlı iş adamlarına müraciət etmək və onları bu işə cəlb etmək olar. İki il öncə AFFA-da olmuşdum. Elxan Məmmədovla bu haqda danışmışdım. Onda “Turan Tovuz” çempion olmuşdu. Halal zəhməti ilə premyer-liqaya gəlməyə haqq qazanmışdı. Dəqiq bilmirəm, deyəsən, klubun səhmləri AFFA-ya məxsusdu. Biz təklif irəli sürmüşdük ki, struktur dəyişikliyi olsun. Klubun səhmləri satışa çıxarılsın. 51 faiz yenə AFFA-ya məxsus olsun. Qalanı isə tovuzlu iş adamlarına satılsın. Hərə öz istədiyi qədər hissəni pul qarşılığında alsın. Bunu həm Açıq Səhmdar Cəmiyyət, həm də Qapalı Səhmdar Cəmiyyət kimi də yaratmaq olar. 51 faizlə AFFA əsas söz sahibi ola bilərdi. Burda bir məqsədimiz var idi ki, maliyyə çatışmazlığını aradan qaldıraq. Bundan əlavə, “Turan Tovuz”un gələcəkdə yaşamasına şərait yaradaq. Amma Elxan Məmmədov təklifimizlə razılaşmadı. Yenə deyirəm, nə indi, nə onda tək gücüm çatmaz ki, bir komandanı saxlayam. Sadəcə, səhmlər ala bilərəm”.

Əhmədov doğma kluba ildə müəyyən qədər maddi kömək edə biləcəyini qeyd edib: “Özüm də hər il 10 min manat kömək edə bilərəm. Amma bu, imkandan asılıdı. Düşünürəm ki, bir neçə adam da mənə qoşular. Təki “Turan Tovuz” premyer-liqada iştirak etsin”. (Futbol+)

Bənzər xəbərlər