Türkiyədən Azərbaycan bazarına ciddi maraq
Yeni mövsümdən Türkiyə klubları heyətlərinə bir azərbaycanlı futbolçu cəlb edə biləcəklər və həmin oyunçu legioner sayılmayacaq.
Msport.az xəbər verir ki, bu qərar qüvvəyə mindikdən sonra qardaş ölkədən Azərbaycan bazarına ciddi maraq yaranıb.
Lakin milli komandamızın üzvlərini hələ ki Türkiyə I liqa təmsilçiləri diqqət mərkəzində saxlayırlar. Super Liqa klubları daha bahalı və ulduz futbolçular almağa meylli olduqlarından bizimkilər tərəfə baxmırlar. Həm də etiraf etmək lazımdır ki, bu dəqiqə rahat şəkildə Super Liqada oynaya biləcək futbolçumuz yoxdur. Ötən mövsüm Mahir Emrelinin “Konyaspor”dakı çıxışını göz önünə gətirsək, deyilənin quru söz olmadığını görərik. 25 yaşl hücumçu Zaqreb “Dinamo”sundan icarəyə götürülsə də, Türkiyə yüksək liqasında möhkəmlənə bilmədi. Nəticədə, “Konyaspor” onun transfer hüquqlarını almaq istəmədi.
Azərbaycanlı futbolçularından Coşğun Diniyev “Ümraniyespor”la müqavilə bağladı. Ötən mövsümün nəticələrinə əsasən, Super Liqanı tərk edən İstanbul təmsilçisi Diniyevi heyətinə qatdı.
Amma bu ilk və son olmayacaq. Millimizin üzvlərindən Bədavi Hüseynova da Türkiyə I liqa klubları ciddi maraq göstərirlər. Arda Turanın çalışdırdığı “Eyüpspor” və Ertuğrul Sağlamla anlaşan “Kocaelispor” da Azərbaycandan futbolçu transfer etmək istəyirlər.
AYXAN







