Turun yadda qalan məqamları - "Kəpəz" azarkeşlərindən iticket.az-a qədər
Azərbaycan Premyer Liqasında II tura yekun vuruldu. Həftənin yeganə gözlənilməz hesabı Bayılda qeydə alındı. Mövsüm öncəsində heyətini xeyli gücləndirən “Səbail” 9 ildən sonra yüksək liqaya qayıdan “Turan Tovuz”a uduzdu. Digər oyunlarda isə favoritlər hesablarına 3 xal yaza bildilər.
Msport.az II turun ən maraqlı anlarını təqdim edir:
620 gündən sonra gələn qol
Ötən mövsümü “Şamaxı”da keçirən Natan Oduva sonuncu dəfə 2020-ci ilin 29 noyabrında “Dandalk”ın heyətində çıxış edərkən İrlandiya çempionatında “Athlone” komandasının qapısına yol tapmışdı. “Tottenhem”in yetirməsi 9 ildən sonra “Turan Tovuz”un Premyer Liqada ilk qolunu vurmaqla tarixə düşdü. Ən diqqət çəkən məqam isə ingiltərəli forvardın fərqləndikdən sonra tribunalara tərəf qaçıb azarkeşləri qucaqlayaraq sevinməsi oldu.
“Kəpəz”in kreativ azarkeşləri
Gəncə azarkeşləri həmişə kreativliyi, fərqli ideyaları ilə seçiliblər. Xeyli vaxtdır ki, “Kəpəz” fanatlarının baş məşqçi Yaşar Vahabzadə ilə ulduzu barışmır. “Neftçi” ilə qarşılaşmada da onlar Vahabzadəni istefaya səsləndirən şüarlar səsləndirdilər. Amma burda diqqət edəcəyimiz məsələ “Kəpəz” azarkeşlərinin asdığı plakat idi. Dahi Nizami Gəncəvinin şeirini özünəməxsus tərzdə dəyişən gəncəlilər tura bəzək qatmağı bacardılar.
Ata-bala sevgisi
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Sumqayıt”la səfər matçında bu mövsüm 2-ci qolunu vurdu. Özü də necə qol! Ağdam klubu Sumqayıtda nə qədər çalışsa da, rəqibin müdafiə xəttini yara bilmirdi. 90+3 dəqiqə qapısının toxunulmazlığını qoruyan meydan sahibləri yalnız Musanın qolundan sonra hesabda geri düşdü. “Qarabağ”ın forvardı qol sevincini qeyd etmək üçün bir başa texniki zonaya tərəf qaçaraq atası Qurban Qurbanova sarıldı.
Çökən iticket.az
Dördüncü məsələnin II tura birbaşa bağlılığı olmasa da, dünən ən çox danışılan, müzakirə edilən mövzu idi. “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə oyununa biletlər avqustun 14-də saat 11-də satışa çıxarıldı. Amma buna satışa çıxarıldı, demək mümkündürsə. Onlayn bilet almaq istəyənlər saatlarla kompüter önündə oturub iticket.az saytını yeniləsələr də, bu, heç bir nəticə vermədi. Bir az sonra sayt çökdü. Sosial şəbəkələrdə “bilet aldım, pulumu çıxdılar, amma sonra gördüm bilet başqasına satılıb” paylaşımlarının sayı-hesabı yox idi. Həmin məbləğ isə 14 gündən sonra qaytarılacaq. “Qarabağ” açıqlama verərək eyni anda 100 min adamın sayta girdiyini buna görə problem yarandığını bildirdi. İticket.az isə üzr istəyib problemin yaxın vaxtda aradan qaldırılacağını desə də, hamının gözü yollarda qaldı.