Üç foto, üç hadisə - Yozması bizdən
Vallahi-billahi, adam bu ölkədən harasa getsə, çox darıxar. Burda yaranan lətifələr, burda başımıza gələn macəralar harada var ki? Ölkənin dörd bir yanını gəz, nə qədər istəyirsən, material çıxar. Bütün sahələrdə olduğu kimi idmanda da vəziyyət oxşardır.
“Xan Lənkəran” klubu yarananda, komanda Region Liqasında oynaya-oynaya, Türkiyəyə təlim-məşq toplanışına gedəndə bilirdim ki, bu işlərin axırı xeyirə oxşamır. Hətta bir ara hər yana xəbər yaydılar ki, “Xan Lənkəran” “Xəzər Lənkəran”ın bütün borclarını qaytarıb artıq heç bir problem yoxdur. Bəlkə də yeni yaranan klub Mübariz və Mais Mənsimovların dövründən qalan qaz, işıq pulunu ödəmişdi. Amma “Xəzər Lənkəran”ın keçmiş futbolçularına, legionerlərinə milyonlarla borcu qalıb ki, bunun nə vaxtsa qaytarılacağına da heç kim inanmır. Nə isə, bu məsələ ilə işimiz yox. I divizionda oynamaq istəyən “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov komandasının aşağı liqaya buraxılmamasına görə instagramda “Əziz azarkeşlər, AFFTAFA bizi diviziona buraxmadı” paylaşımını etdi. Vallah, bu, bir klub prezidentinə yaraşan manevr, tərz, nə bilim adını nə qoyursunuz- qoyun – deyil. Heç Kiçik Bazar məhəlləsindəki “cığan” uşaqlar belə özünə bu cür danışmağı rəva bilməz. Qarşında kim-olur olsun, gərək birinci öz səviyyəni qoruyasan, xüsusən də ictimai şəxssənsə.
***
“Şamaxı”nın rəhbərliyi dəyişəndə hamımız sevindik ki, klub nəhayət, iddialı olacaq, ötən mövsümlərdəki səhvləri buraxmayacaq. Lakin “pisin yerinə heç vaxt yaxşısı gəlmir” məsəli burda da yerinə düşür. Əyalət klubunda gələn mövsüm kimlərin heyətdə olacağını heç baş məşqçi Cavid Hüseynov da bilmir. Baş məşqçi demişkən, klubun indi iki baş məşqçisi – oxu iki adaxlısı var. Sanki artlq komanda ilə birgə neçə vaxtdır məşq keçən Cavid Hüseynov Sərvərdir, Rüstəm bəyin söz verdiyi Məşədi İbad isə Rüstəm Əliyev. Allah tərəfi, Məşədi İbadın əlində sənəd də var – klub onunla müqavilə bağlayıb baş məşqçi təyin edib. İndi o neynəsin ki, Axundov istefa verəndən sonra “Şamaxı”da əsl zəlzələ oldu və təbii fəlakətdən ən çox zərər çəkən də Rüstəm Əliyev oldu. Hərçənd gənc məşqçi reallığı nəzərə alıb başa düşməli idi ki, artıq onluq heç nə yoxdur. Stanislav Namaşko ilə də müqavilə bağlamışdılar. Amma moldovalı qapıçı başa düşdü ki, yeni komanda onunla işləmək niyyətində deyil və özünə yeni klub axtarır.
***
İndiki “Şamaxı” ötən ilki “Səbail”i xatırladır. Yeni “Səbail” isə xeyli güclənib və büdcəsi ən azı ikiqat artıb. Baş sponsoru Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) olan klub heyətinə xeyli əl gəzdirdi, yeni legionerlərlə müqavilə bağlandı. Digər tərəfdən, ASCO-nun dəstəyi ilə Bayıl klubu üçün Xaçmaz (!) rayonunda yeni təlim-məşq bazası tikilib istifadəyə verildi. Əlbəttə, baza tikilməsi Azərbaycan futbolu üçün mütərəqqi hadisədir. Kaş ki, bütün klublarımızın öz müasir bazaları, məşq meydançaları olsun. Amma düzü, Xaçmazdakı bazanın şəkillərini görəndə bilmədim, fotoqraf uğursuz kadrlar seçib, ya çəkməyə heç nə olmayıb. Cəmi 3 şəkildir və ota baxırsan, bizim kənddəki yoncalıq sahəsi daha urvatlı görünür. İki kostyumlu daydayın mətin addımları, gənc futbolçular və arxada fonda daxmaya oxşayan tikili. Budur bizim yeni baza ilə vizual tanışlığımız. Yəqin ki, Xaçmazdakı tikili normal, standartlara cavab verən olsaydı, fotolardakı kostyumlu daydayların sayı da daha çox olardı.
AYXAN