UEFA-dan CSKA-ya cəza - Bakıya azarkeşsiz gəlirlər
“Qarabağ”ın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi CSKA (Sofia) UEFA tərəfindən cəzalandırılıb.
Msport.az xəbər verir ki, Bolqarıstan təmsilçisi turnirin birinci təsnifat mərhələsində İrlandiyanın “Derri Siti” klubuna qarşı səfərdə keçirdiyi oyunda baş verən hadisələrə görə sanksiyaya məruz qalıb.
Belə ki, CSKA-nın azarkeşləri meydana müxtəlif əşyalar atıb, iğtişaş törədib və stadiona ziyan vurub. Bundan əlavə, fanatların irqçi davranışlara yol verdiyi də müəyyənləşib. Bu səbəbdən UEFA Bolqarıstan klubunu 50 min avro məbləğində cərimələyib. Eyni zamanda, CSKA-nın avrokuboklarda növbəti səfər oyununa azarkeş aparmasına qadağa qoyulub.
Bu cəza “Qarabağ”la qarşılaşmaya təsadüf edəcək. Beləliklə, CSKA-nın azarkeşləri iyulun 23-də Bakıda keçiriləcək görüşü tribunadan izləyə bilməyəcəklər.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda “CSKA Sofia” klubunu qəbul edəcək. Saat 20:00-da başlayacaq görüşün cavab qarşılaşması isə bir həftə sonra Sofiyada keçiriləcək. Ağdam təmsilçisi Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.







