featured-image-17148

“Bu il mənim həyatımda əbədi olaraq qalacaq. Ukraynada çox çətinliklərdən keçdim. Gərgin günlər idi. Sağ qala biləcəyimə və ailəmi yenidən görə biləcəyimə əmin deyildim. Amma hər şey düzəldi. Şükürlər olsun ki, evə qayıda bildim”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın sabiq futbolçusu Lukas Rangel Ukraynada çıxış edərkən başına gələn hadisələr barədə danışarkən deyib.

Braziliyalı hücumçu bildirib ki, müharibə gedən ölkədən sağ çıxdıqdan sonra Azərbaycanda oynamaq imkanı olub: “Qısa müddət idi, amma mənim üçün çox şey ifadə edir. Latviyaya gəlmək şansım olanda isə çəkinmədim. Bu, böyük təcrübə idi və biz çox çətin mövsümü ikinci yerdə başa vura bildik”.

Forvard bu il ümumilikdə 25 oyun keçirib. Bunların 17-si hazırda çıxış etdiyi “Riqa”da, 8-i “Sabah”ın heyətində olub. O, ümumilikdə 6 qol vurub. İl ərzində baş verən hər şeyi nəzərə alaraq, oyunçu statistikaya müsbət yanaşır və 2023-cü ildə onları yaxşılaşdıracağına ümid edir: “Təbii ki, bunlar mənim arzuladığım rəqəmlər deyildi. Bununla belə, məndə olan iradə və istəklə inanıram ki, gələn il qarşıma qoyduğum məqsədlərə çata bilərəm”.

Qeyd edək ki, Lukas Rangel ötən mövsümün ikinci yarısını “Sabah”da keçirib.

Bənzər xəbərlər