"Ukraynalıları düşünə-düşünə yatıb-dururam" - Milan Obradoviç
“Ukraynalılar bu mübaribədən qalib çıxacaqlar”.
Msport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət millmizin baş məşqçisi Milan Obradoviç “Fanday” nəşrinə müsahibəsində deyib.
45 yaşlı mütəxəssis Ukraynada baş verənləri ağlasığmaz adlandırıb: Bu, məni çox incidir. Təkcə ona görə yox ki, bir çox ilimi Ukraynada keçirmişəm. Həm də zorakılıq və qəddarlığın istənilən təzahürünə qarşı kəskin mövqedəyəm. Xarkov, Kiyev, Vinnitsa, Vışqorod və Odessadan olanlarla daim əlaqədəyəm. Dostlarım bütün Ukraynaya səpələnib. Hər biri bu və ya digər formada müharibədə iştirak edir. Kimisi ərazi müdafiəsində, kimisi blokpostlarda, digərləri də könüllü fəaliyyətlə məşğul olur”.
Obradoviç hamıya – yaxınlarına, ailəsinə və sadə insanlara görə narahat olduğunu söyləyib: “Ukraynalıları düşünə-düşünə yatıb-dururam. Allaha dua edirəm ki, hamısı sağ-salamat olsun. Hamınıza normal həyata qayıtmağı arzulayıram. Bilin ki, indi nə qədər dəhşətli olsa da, gec-tez buludlar yox olacaq və gün doğacaq. Siz yenidən gülümsəməyə başlayacaqsınız. İstənilən halda, bu müharibədən qalib çıxacaqsınız. Bu savaş onsuz da cəsur xalq kimi sizi daha da birləşdirəcək, cəmləşdirəcək”.
2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edən Milan Obradoviç 2006 – 2013-cü illərdə futbolçu karyerasında Ukraynada “Metallist” (Xarkov) klubunun formasını geyinib.