featured-image-47359

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçıların Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Msport.az xəbər verir ki, o, qələbəsini şərh edib.

– Qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Bu qələbə ilə siz Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşdünüz. Təəssüratlarınız necədir?

– İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu.

– Ülviyyənin çempionat zamanı təmkinli olmağının sirri nədir?

– Bu yarışda rahat idim. Çalışırdım hisslərə imkan verməyim. Çünki bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi. Qitə yarışında uğurlu çıxış etməyimdə gərgin məşqlərin rolu böyükdür. Dəstək olan bütün məşqçilərə təşəkkür edirəm. Mənimlə çalışan məşqçi Yevgeni Tomaşevskinin adını çəkməyə bilmərəm. Əlbəttə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam.

– Ən çətin oyun hansı turda oldu?

– 8-ci turdan sonra həyəcan var idi. Avropa çempionatının sonuna 2 tur qalırdı. Ən yaxın izləyicimi 1 xal qabaqlayırdım. Son turları düşünəndə həyəcan gəlirdi. Birdən səhv olar və turnir cədvəlində vəziyyət dəyişər. Çox istəyirdim ki, çempionatı birinci yerdə başa vurum.

– 2022-ci ildə Avropa çempionatında bürünc medal qazanmısan. 2024-cü ildə çempion oldun. İki il ərzində nə dəyişdi?

– Əvvəllər yarışdan əvvəl ancaq qələbə barədə düşünürdüm. Nəticə olmayanda təbii pis təsir edirdi. Yəni getdiyim turnir barədə fikirləşirdim. İndi daha böyük düşünürəm. Məşqlərdə gələcəkdə bütün yarışları hədəfə alıram. Bir yarışda alınmaz, digərində alınar. 2022-ci ildə bürünc medaldan sonra düşünürdüm ki, görəsən medalı qızıl mükafata çevirə bilərəm? Xəyal qururdum. İnanırsınız, bəzən adam özünə inanır, bəzən inanmır. Xəyalım indi gerçəkləşdi.

– Xəyalın gerçəkləşməsi üçün nə etmək lazımdır?

– 2020-ci ildə pandemiyadakı vəziyyəti hamı xatırlayır. Hər tərəf bağlı idi. O günlərdə hazırlaşanda özüm üçün xəyal qururdum. Yunanıstana yollananda çempionluğu arzulayırdım, xəyal edirdim. İndi arzuma çatdım. Hisslərimə yer vermədim, şahmatdan zövq alaraq hər tur qələbə qazanmağa çalışdım.

– Bu qələbə sentyabrda Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisinə kömək edə bilər?

– Qitə çempionatı başa çatmayıb, hazırda son turun oyunları davam edir. Şəxsi Avropa çempionatında medalımızın sayı çox ola bilər. Komanda yoldaşım Günay Məmmədzadənin mükafatçılar sırasında yer almaq şansı var. Olimpiadaya gəldikdə, qadın şahmatçılardan ibarət millimiz hər yarışda şahmat həvəskarlarını sevindirməyə çalışır. Düşünürəm ki, Avropa çempionatındakı qələbə hər bir şahmatçımıza kömək ola bilər.

– Avropa çempionluğunu kimə həsr edirsən?

– Qitə çempionluğu arzum idi. Bu uğur xəyal quran gənclərə kömək ola bilər. Həyatda böyük uğurlar barədə xəyal qurmaq faydalıdır. Sadəcə gücünə inanmalısan. Bəzən ciddi hədəflərə nail olmaq çətin görünür. İnanmaq və mübarizəni davam etdirməlisən. Hamıya təşəkkür edirəm.

Bənzər xəbərlər