featured-image-17387

Məşhur Hollivud aktyoru Morqan Friman “El Bait” stadionunda dünya çempionatının açılış mərasimində çıxış edən vaxt planetin başqa istiqamətində – köhnə Yuqoslaviyanın tərkib hissəsi olmuş, indi isə Şimali Makedoniyanın paytaxtı Skopyedə millimiz 3-cü qolu vurdu. Təbii ki, dünyanın diqqəti Qətərə yönəldiyindən Ramil Şeydayevin qolundan, yığmamızın ardıcıl 5-ci qələbəsindən çox adamın xəbəri olmadı. Lakin bu qalibiyyət bizim üçün çox önəmli idi.

Moldova ilə görüşdən sonra “əsas sınaq Şimali Makedoniya ilə oyundur” deyib düzü, bir az da bədbin davranırdıq. Lakin heyətində Elif Elmas, Enis Bardi, İlya Nesterovski kimi yaxşı klublarda çıxış edən futbolçuları olan komandanı bütün komponentlərdə üstələyə bildik.

De Byazi Moldova ilə oyundan fərqli heyətdə yalnız bir dəyişiklik etmişdi – müdafiənin mərkəzində Anton Krivotsyuku Bəhlul Mustafazadə əvəzləmişdi. Ümumiyyətlə, italiyalı mütəxəssis ilk gəldiyi dövrdən fərqli olaraq indi səhvlərini düzəltməyə çalışır. Yadınızdadırsa, De Byazi Emin Mahmudov, Aleksey İsayev kimi futbolçuları yığmaya çağırmırdı. Bir ara yaşlı oyunçulardan imtina edib, yalnız gənclərə güvənəcəyini deyirdi. Lakin hazırda 33 yaşlı Riçard Almeyda komandamızın aparıcı üzvlərindən biridir. De Byazi özü də dəfələrlə Emin, Riçard məsələsində səhvə yol verdiyini vurğulayıb.

Millimizin baş məşqçisinin ziyanın yarısından qayıtdığı məsələlərdən biri də taktika ilə bağlıdır.  De Byazi gec də olsa, başa düşdü ki, beş müdafiəçili variant bizə xeyir verməyəcək. Yığmamız hətta eyni səviyyədə olan komandalarla görüşə də ultramüdafiə futbolu ilə çıxırdı. Lakin indi vəziyyət dəyişib, nəhayət, baş məşqçi anladı ki, əgər yığmanın əksər üzvləri “Qarabağ”da çıxış edirsə (start heyətində 6 nəfər idi), elə ən yaxşısı Ağdam klubu kimi, həmin taktiki düzülüşlə oynamaqdır.

Hər iki oyunun ən fəallarından olan Elvin Cəfərquliyev Skopyedə millidəki ilk qolunu vurdu. Şimali Makedoniya ilə qarşılaşmada Musa Qurbanlı da yığmada ilk dəfə fərqləndi.

Hələ ki millimiz yoxlama oyunlarında bizi sevindirir. Təbii ki, seçmə mərhələdə daha güclü rəqiblər, daha çətin oyunlar olacaq. Amma ən əsası futbolçularda özünəinam hissi yaranır. Beş matçdır uduzmayan komandanın üzvləri anlayırlar ki, istənilən rəqibə qarşı oynamaq olar. Qələbələr psixoloji baxımdan komandanı möhkəmləndirir. Necə ki, illərdir “Qarabağ” səfər görüşlərində, dolu tribunalar qarşısında özünü  rahat hiss edir, heç nədən çəkinmir. İndi yavaş-yavaş eyni şeyi millimizdən də görməliyik.

Hazırkı Azərbaycan millisi son illərin ən yaxşı heyətlərindən birinə malikdir. Xüsusən də irəli xətdə. Çempionatın bombardirləri – Şeydayev və Qurbanlı, yığmamızda yaxşı təsir bağışlayan Özan Can Kökçü, öz mövqeyində Prenyer Liqanın ən güclülərindən olan İsayev, illərin təcrübəsi Mahmudov. Hələ legioner həyatı yaşayan Emreli və Dadaşov,  “Sabah”da çıxış edən Ələskərov kimi alternativ variantlar da var. De Byazini gənc Ceyhun Nuriyevə şans verməsi də təqdirə layiqdir.

Millimiz tarixində ilk dəfə Şimali Makedoniya üzərində qələbə qazana bildi. Yığma son iki oyunda ümid verir. Seçmə mərhələdə rəqiblərin daha güclü olacağını bilirik. Lakin ən vacibi odur ki, uduzsaq belə, futbolçuların əl-ayaqları əsməsin. Ümid edək ki, Şimali Makedoniya qarşısında gördüyümüz soyuqqanlığı, inamlı oyunu, dəqiq zərbələri Avstriya, İsveç kimi komandalar önündə də izləyə biləcəyik.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər